Yalçın İmran oğlu Rzazadə (31 dekabr 1946, Boladı, Lənkəran rayonu – 22 fevral 2021, Bakı) — məşhur Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (2000), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2005-ci ildən). Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin vokal və pop musiqi kafedrasının müdiri.
Yalçın Rzazadə | |
---|---|
Yalçın İmran oğlu Rzazadə | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 31 dekabr 1946 |
Doğum yeri | |
Vəfat tarixi | 22 fevral 2021 (74 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Fəaliyyət illəri | 1967 - 2021 |
Janr | estrada[d] |
Təhsili | |
Mükafatları |
Yalçın Rzazadə 31 dekabr 1946-cı ildə Lənkəran rayonunun Boladı kəndində ziyalı ailəsində doğulub. 1963-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutuna daxil olmuş və 1967-ci ildə həmin institutun aktyorluq fakültəsini bitirmişdir. 1968-ci ildə Üzeyir Hacibəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuş və 1973-cü ildə həmin təhsil ocağını bitirmişdir. 1979-cu ildə əməkdar artist, 2000-ci ildə xalq artisti adına layiq görülüb. 1 aprel 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür. Bununla yanaşı 2 dəfə karate üzre çempionu olub. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin vokal və pop musiqi kafedrasının müdiri olmuşdur. Evlidir, üç övladı var [1].
Yalçın Rzazadə 22 fevral 2021-ci ildə 74 yaşında vəfat etmişdir.[2][3][4]
Yalçın Rzazadənin sənət yolu orta məktəbdə təhsil aldığı illərdən başlayır. İncəsənətə olan marağı Yalçın Rzazadəni Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutuna – aktyorluq fakültəsinə gətirib çıxarır. 1968-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsinə daxil olunur və 1973-ci ildə təhsilini qırmızı diplomla yekunlaşdırır.
Hələ Konservatoriyanın tələbəsi olarkən, Azərbaycan Dövlət Teleradio Komitəsinə işə daxil olur və rejissor assistenti kimi əmək faəliyyətinə başlayır. Teleradio Komitəsində çalışdığı illərdə Gülarə Əliyevanın "Dan ulduzu" ansamblına dəvət olunur.
Yalçın Rzazadəni Azərbaycan tamaşaçısına tanıdan onun 60-cı illərinin sonunda musiqisi Cahangir Cahangirova aid "Durnalar" mahnısı olub.
İllər ərzində Cahangir Cahangirov, Tofiq Quliyev, Emin Sabit oğlu, Oqtay Kazımi, Telman Hacıyev, Elza İbrahimova, Oqtay Rəcəbli, Ramiz Mirişli, Nəriman Məmmədov, Kamal, Eldar Mansurov, Firəngiz Babayeva kimi bəstəkarlar ona mahnılar yazmışlar. Oxuduğu orkestrlərdən-Böyük Simfonik və Estrada- Simfonik Orkestrləri, Xalq Çalğı Alətləri Orkestri, Dan Ulduzu İnstrumental Ansamblı, Vaqif Mustafazadənin rəhbərliyi ilə “Sevil” vokal ansamblı, Əhsən Dadaşov adına “Xatirə” ansamblı, SSRİ-nin Yuri Silantyev və Aleksandr Mixaylovun rəhbərliyi ilə Estrada- Simfonik orkestrləri, Leninqradda Leybmanın rəhbərliyi ilə Caz Ansamblı ona müşayiət ediblər.
Bu illərdə Yalçın Rzazadə "Od içində" filmində baş rola – Əmir bəy roluna dəvət alır. Bu filmdən sonra Yalçın Rzazadə yenidən filmlərə dəvət alsa da, çoxsaylı qastrol səfərləri, Azərbaycanın bölgələrində verdiyi konsertlər filmlərə çəkilməyə imkan vermir. "Dədə Qorqud", "Gün keçdi", "Qaynana","Bayquş qayıdanda", "Baladadaşın ilk məhəbbəti" kimi filmlərin musiqilərinə Yalçın Rzazadə öz ifası ilə ölməzlik bəxş edib.
Xalq artisti vəfat edənədək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib.