Boladı

BoladıAzərbaycan Respublikasının Lənkəran rayonunun inzibati-ərazi vahidində kənd.

Boladı
38°53′21″ şm. e. 48°45′56″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Lənkəran rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 11248 (2023) nəfər
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ4212[1]
Boladı xəritədə
Boladı
Boladı

Boladı çayının sahilində, Lənkəran ovalığındadır. Yerli tələffüz forması Bolədidir. Tədqiqatçılara görə, oykonim bol və Talış dilindəki di (kond) sözlərindən ibarət olub (-ə bitişdirici saitdir), "bolluq kəndi, varlı kənd" mənasındadır. Yaşayış məntəqəsi həqiqətən də rayonun ən varlı və böyük kəndlərindən biridir.[2]

Mühüm yaşayış məntəqəsi kimi bu kəndin yaranması tarixi haqqında tam məlumat olmasa da , amma bir şey aydındır ki,ərazidə eramızdan əvvəl insanlar yaşayıb fəaliyyət göstərmişlər. Mühüm yaşayış məntəqəsi kimi bu kəndin yaranması tarixi haqqında tam məlumat olmasa da, amma bir şey aydındır ki,ərazidə eramızdan əvvəl insanlar yaşayıb fəaliyyət göstərmişlər. Bu, qədim yunan coğrafiyaşünası, tarixçi Strabonun "Coğrafiya" kitabında qeyd olunur. Müəllif öz əsərində Lənkaranın bir çox yaşayış məntəqələri sırasında Boladinin də adını çəkir. Mərhum tədqiqatçı-jurnalist Gülməmməd Məmmədzadə bu ərazidə yerləşən "Qarağac" ocağının 800 ildən çox yaşı olduğunu yazmışdır. Alman alimi və səyyahı A.Olri 1616-cı ildə müxtəlif səfirliklərə və muzeylərə təqdim etdiyi hesabat və gündəliklərdə Boladinin adını çəkmişdir. Rus səyyahı və diplomatı Artemey Suxanov "Rəştdən Qızlağaca qədər və Gilan vilayətinin sonuna kimi" kitabında yazmışdır: "1638-ci ilin fevralın 7-də Ləngərgünana gəldik... Qızılağaca gedərkən fevralın 11-də dörd dərin çaydan keçdik. Bunlar Kasiende, Noabine, Cil və Boladi çayları idi." Cil və Boladi öz adlarını bu günədək qoruyub saxlamışdırsa da, Kasiende və Noabine çaylarına müasir xəritələrdə təsadüf edilmir. Talış-Muğan mədəniyyətinin bir qolu Lənkəran düzənliyində yerləşmişdir. Boladi kəndi də bu düzənlikdə yerləşir. Azərbaycan EA Tarix İnstitutunun ekspediya dəstəsi 1984-cü ildə Lənkəran bölgəsində tədqiqat işləri apararkən müəyyən edilmişdir ki, bu ərazidə hələ çox qədim zamanlardan öz təbii coğrafi şəraitinə görə ibtidai insanların yaşaması üçün əlverişli olmuşdur. Arxeoloji qazıntılar zamanı kəndin seyidoba yaşayış məhəlləsində, Boladi çayının sağ və sol sahilində qədim insanların istifadə etdikləri əl çapacaqları, tunc bıçaq, ox, nizə, xəncər, qılınc, saxsı qabları və s. əşyalar tapılmışdır.

1927-ci ildə kənddə səhiyyə məntəqəsi, 1935-ci ildə doğum evi, 1946-cı ildə malyariya və traxoma məntəqəsi, 1952-ci ildə 15 çarpayılıq xəstəxana açılmışdır. Boladi kənd Soveti 1954-cü ildə təşkil edilmişdir. Boladi Zövlə, Separadi, TükəviləŞağlaser kəndləri ilə bir yerdə eyni sovetliyin tərkibində olmuş, mərkəzi Şağlaser kəndində yerləşmişdir. 2000-ci il yanvar ayından Boladi kənd bələdiyyəsi fəaliyyət göstərir.

Boladı poçt şöbəsi 1949-cu ildən fəaliyyət göstərir. Kəndə ilk telefon 1950-ci ildə kolxoz idarəsinə çəkilmişdir. 1959-cu ildə 30 nömrəlik kommutator istifadəyə verilmişdir. 1995-ci ildən 800 nömrəlik ATS fəaliyyət göstərir.[mənbə göstərin]

Əhali taxılçılıq, tərəvəzçilik, çayçılıq və heyvandarlıqla məşğuldur. Ərazisi münbit və məhsuldardır. Təsərrüfat sahəsinin 280 hektarında çay yetişdirilmişdir. Ərazinin 37 hektarını sualtı, 30 hektarını kolluq, 400 hektarını həyətyanı sahə, 26 hektarını yolaltı, 8 hektarını tikililər təşkil yetmişdir. Ərazinin 67,9 hektarı örüş üçün ayrılmışdır.[3]

Təhsil inqilaba qədər fərdi xarakter daşımış, mollaxana və mədrəsələr fəaliyyət göstərmişdir. Nəcəfül-Əşrəfdə, Məsmeyi-Qumda, Xorasanda və digər dini mərkəzlərdə təhsil almış axund və mollalar burada dərs demiş, ərəb və fars dillərində yazıb oxumağı öyrətmişlər. İnqilaba qədər kəndin molloba məhəlləsindəki məsciddə mədrəsə fəaliyyət göstərmişdir. 1920 – ci ildə Kor mollanın dərs dediyi mədrəsədə 12 uşağın, o cümlədən 4 qızın oxuduğunu söyləyənlər vardır. Kərbalayı Həmid Rzayev axundluq etdiyi molloba məscidindəki mədrəsədə dərs demişdir. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Boladi kəndində yeni tipli məktəbin açılmasına təşəbbüs göstərilmişdir. 1921-ci ildə təşkil olunmuş savad kursua evdar qadınlar da cəlb edilmişlər. Bu dövrdə kəndin ayrı – ayrı məhəllələrində savad kursları təşkil olunmuş, burada oxuyanlara "Zərbəçi maarifçinin kitabçası" vəsiqəsi verilmişdir. Fəaliyyət göstərdiyi 1922-ci ildə məktəbə 20 nəfər cəlb olunmuşdur. Qonşu Separadi , Zövlə , Sağlaser , Cil , Vilvan və digər kəndlərdən də məktəbə təhsil almağa gəlirdilər. Lənkəran qəzasında , o cümlədən Boladi kəndində 8 – 12 yaşlı uşaqların tamamilə məktəbə cəlb etdirmək günün ən vacib məsələsinə çevrilmişdir. Professor Z. Budaqova yazır ki, 1929-cu ildən latın əlifbasına keçən talışlar ibtidai hazırliq siniflərində, həmçinin texnikumların birinci və ikinci kurslarında öz ana dillərində oxumuşlar. M.Nəsirli və Ş.Mürsəlovun 1929-cu ildə çap olunmuş " Səvodin bibən " ( Savadlı olun) talış dili dərsliyindən Boladi kənd məktəbində " Əlifba " kimi istifadə edilmişdir. Savadsızlığa qarşı aparılan mübarizə öz səmərəsini vermişdir. Təşəbbüs rayon rəhbərliyi tərəfindən razılıqla qarşılanmış və 1937-ci ilin noyabr ayında kənddə ikimərtəbəli , 20 sinif otağından ibarət , orta təhsil verən yeni məktəb binası istifadəyə verilmişdir. Bu təhsil ocağı 1922-1934-cü illərdə ibtidai, 1934-1938-ci illərdə əsas məktəb kimi fəaliyyət göstərmiş, 1938-ci ildə orta məktəbə çevrilmişdir. Əgər 1970-ci ildə məktəbdə 1017 şagird oxuyurdusa , 2005-ci idə onların sayı 1283 nəfər olmuşdur. 1970-ci ildə məktəbdə 16 ali təhsilli müəllim vardı. İndi isə 70 ali təhsilli müəllim dərs deyir. Hamısı da elmin sirlərinə vaxtı ilə bu məktəbdə yiyələnmişdir. Son 30 ildə məktəbdə dərs deyən müəllimlərin sayı 3 dəfədən çox artmışdır. Boladi kəndində ilk məktəbin fəaliyyətə başladığı gündən 80 il keçir. Məktəb 1992-ci ildən I saylı məktəb kimi fəaliyyət göstərir. Həmin ilin oktyabr ayında məktəbə Qarabağ döyüşlərinin qəhrəmanı Nahir Axundovun adı verilmişdir. Ötən 80 il ərzində məktəbi 5400-dən çox şagird bitirmişdir. 1980-cı ildən yeni tipli üç mərtəbəli məktəb istifadəyə verildi. Boladi kəndində 1968-ci ildə ikinci bir məktəb açılmışdır. Bu təhsil ocağı 1992-ci ildə orta məktəbə çevrilmişdir. Kənddəki 2 saylı orta məktəbdə 419 şagird təhsil alır, bunun 210 nəfəri qızdır. Şagirdlərin təlim-tərbiyəsi ilə 30 müəllim məşğuldur. Burada da təhsil islahatları uğurla həyata keçirilir.[mənbə göstərin]

Tanınımış şəxsləri

[redaktə | mənbəni redaktə et]
  • Aqşin İbadov — Vətən müharibəsi şəhidi
  • Taleh İsmayılov - Vətən müharibəsi şəhidi
  • Valeh Əkbərov - Vətən müharibəsi şəhidi
  • Şəkər Aslan — şair, dramaturq, jurnalist. 1968-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin “Qızıl Qələm” mükafatının laureatı (1978).
  • Emin Hüseynov (iqtisadçı) — Azərbaycan Respublikasının Maliyyə nazirinin müavini.
  • Zamin Hüseynov — neft-kimya sənayesi üzrə sovet-Azərbaycan mütəxəssisi.
  • Elşən Həşimov - milli təhlükəsizlik və hərbi elmlər doktoru, professor. Milli Müdafiə Universitetinin Elmi katibi. Azərbaycan Texniki Universitetinin professoru.
  • İlham Axundov — Kanada alimi; Professor, Vaterlu Universitetinin riyaziyyat fakültəsinin riyaziyyat və biznes üzrə proqramlar direktoru. “Kanada-Azərbaycan” Əməkdaşlıq Assosiasiyasının prezidenti.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Ərazisinə və əhalisinin sayına görə Lənkəranda ən iri kəndlərindən hesab olunur. Ərazisi 15,04 km²-dir. Rayon mərkəzindən 19 kilometr şimal-qərbdə, Ələt-Astara şose və Bakı-Astara dəmir yolundan 3 kilometr aralı, Boladi çayının sahilində yerləşir. Cənubdan Şağlaser kəndi, şimaldan Masallı rayonu, qərbdən Zövlə kəndi, şərqdən Liman şəhəri ilə əhatə olunmuşdur.

1859-1864-cü ilə olan məlumata əsasən Bakı quberniyası Lənkəran qəzasının Boladı kəndində 29 evdə 104 nəfəri kişilər, 53 nəfəri isə qadınlar olmaqla 157 nəfər şiə təriqətli müsəlman talışlar yaşayırdı.[4]

13-22 aprel 2009-cu il əhali siyahıyaalınmasına əsasən yalnız Boladı kəndini əhatə edən Boladı kənd inzibati-ərazi dairəsində 8.435 nəfər (4.080 nəfəri kişilər, 4.355 nəfəri qadınlar) əhali yaşayır.[5][6]

1 yanvar 2012-ci il tarixinə olan məlumata əsasən kənddə 8.797 nəfər əhali yaşayır.[7]

Kənddə Boladi kənd məscidi[8] və Seyidoba məhəllə məscidi[9] dini icmaları fəaliyyət göstərir. Mollaoba məhəlləsindəki məscid 1924-cü ildə, Seyidoba məşəlləsindəki məscid 1927-ci ildə tikilmişdir.

  1. Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
  2. ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh.144
  3. Lənkəran Ensiklopediyası: Məlumat Arxivləşdirilib 2019-04-06 at the Wayback Machine Səh 95
  4. Списки населенных мест Российской Империи. По Кавказскому краю составленные и издаваемые Кавказским статистическим комитетом при Главном управлении Наместника Кавказского. LXV. Бакинская губерния. Списокь населенных мест по сведениямь 1859 по 1864 годь. Кавказскимь стататистическимь комитетомь при Главном управлении наместника кавказского. Составлен главным редактором Комитета Н. Зейдлицем. Тифлись. В Типографии главного управления наместника кавказского. 26 ноября 1870 г./Содержание: Спискок населённых мест Бакинской губернии. стр. 35
  5. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: Lənkəran rayonu[ölü keçid]
  6. Lənkəran Şəhər İcra Hakimiyyəti: Rayon haqqında Arxivləşdirilib 2013-02-12 at the Wayback Machine: İnzibati ərazi dairələri və yaşayış məntəqələri
  7. Lənkəran Şəhər İcra Hakimiyyəti: İcra Hakimiyyəti: Bələdiyyələr: Lənkəran şəhər, qəsəbə və kənd bələdiyyələri haqqında məlumat Arxivləşdirilib 2013-02-12 at the Wayback Machine
  8. MÜSƏLMAN DİNİ İCMALAR - 2016-cı ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-21 at the Wayback Machine. scwra.gov.az  (az.)
  9. MÜSƏLMAN DİNİ İCMALAR - 2018-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-08 at the Wayback Machine. scwra.gov.az  (az.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]