Yaponiyada qəhvə (日本のコーヒー, Nihon no kohi?) populyar içki növlərindən biridir. Ölkədə bir çox kafe fəaliyyət göstərir. Starbucks və Doutor ölkənin əsas kafe şəbəkələridir.
Yaponlar artıq XVII əsrdə portuqal və holland tacirlərin qara, şirin, qatı içkini sevdiklərini bilirdilər.[1] Lakin 1910-cu illərə qədər qəhvə Yaponiyada geniş şəkildə istehlak olunan məhsul deyildi.[1] Bu dövrdə Avropadan kafe mədəniyyətinin gəlməsi qəhvə də populyarlaşdırmışdır. Qəhvə hazırlamaq sənəti qəhvə içməkdən daha məşhur idi.[1]
İkinci dünya müharibəsindən sonra 1950 və 1960-cı illərdə Yaponiyada qəhvə dükkanlarının sayında böyük partlayış yaşanmış və qəhvə çox populyar içkiyə çevrilmişdir.[1] Qəhvə dənələri Yaponiyada nisbətən çox bahalı olduğu üçün evlərdə hazır qəhvələr daha populyar olmuşdur.[1] 1990-cı illərin ortalarında ilk Starbucks kafelərinin açılması kiçik kafelərə təsir göstərmiş və ölkədə yeni götür-apar mədəniyyəti yaranmışdır.[1]
Yaponiyada qəhvə təklif edən kafelər kissaten (喫茶店?) adlanır.[1] Yaponiyada ilk kissaten 1888-ci ildə Tokionun Ueno rayonunda açılmış və məşhurlaşmışdır.[1] Lakin 1910-cu illərdən etibarən Qinza rayonu Tokionun kissaten mərkəzinə çevrilmişdir.[1] 2002-ci ilin məlumatına görə Tokioda 30.000-dən çox kissaten var.[1]
Kissatenlər eklektik dükkanlar olub daimi müştərilərdən gələn gəlirlər hesabına fəaliyyət göstərirlər.[1] Kissatenlər bir-biriləri ilə üslub və mövzu baxımından rəqabət halındadır; regional dulusçuluq, musiqi stili (caz, klassik, xalq, salsa), miniqalereya, içki hazırlama stili, tematik dekor, şirniyyat və tort çeşidləri baxımından fərqlənirlər.[2] Kissatenlərin memarlığı ucuz divar dəliklərindən bahalı və dəbdəli dükkanlara qədər dəyişə bilir.[2] Bir fincan qəhvə sifariş etdikdən sonra kissatendə istənilən qədər oturmaq olar.[2]
Bəzi kissatenlərdə qo və madjonq kimi stolüstü oyunlar və ya video oyunlar oynamaq mümkündür.[2] Bəzi məşhur çörəkxanalar səyyar kissatenlər açaraq məhsullarını qəhvə ilə birlikdə tanıtmağa çalışırlar.[2] Lenox və Royal Doulton kimi xarici qab-qacaq brendləri kissaten açaraq qəhvəni istehsal etdikləri fincanlarda servis edirlər.[2] Siqaret içməyin sərbəst olduğu kissatenlər olduqca nadirdir.[2]
1990-cı illərdə Starbucks şirkətinin gəlişindən sonra Yaponiyada kissaten mədəniyyətində böyük dəyişiklik yaşanmış və götür-apar mədəniyyəti populyarlaşmışdır.[2] Starbucks-ın Yaponiyada ən böyük rəqibi Doutor şirkətidir.[2] Kissaten mədəniyyəti, xüsusilə, Yaponiyaya gəlmiş əcnəbilərin həyatında əhəmiyyətli yer tutur.[2] Bir çox sayt və jurnal Yaponiyanın böyük şəhərlərində yerləşən ən yeni, dadlı kissatenlər haqqında təlimatlar yayımlayır.[2]