Yarasa (film, 1995)

"Yarasa" — Azərbaycan kinosunu beynəlxalq səviyyəyə yüksəltmiş və ümumdünya kinofestivallarında ilk Qran-Pri qazanmış müstəqil Azərbaycanda çəkilmiş ilk bədii film[1].

Yarasa
Yarasa
Janr Dram
Rejissor Ayaz Salayev
Prodüser Saday Əhmədov
Ssenari müəllifləri Ayaz Salayev, Kamal Aslanov
Baş rollarda Mariya Lipkina
Rasim Balayev
Tolib Həmidov
Operator Bağır Rəfiyev
Bəstəkar Nazim Mirişli
İstehsalçı "İnterturan" Konserni
İlk baxış tarixi 1995
Filmin növü Tammetrajlı bədii film
Müddət 80 dəq.
Ölkə Azərbaycan Azərbaycan
Dil Azərbaycan dili (bir çox rus cümlələrindən də istifadə edilmişdir.)
İl 1995
Texniki məlumatlar 9 hissə
2152 metr
35 mm
Rəng Rəngli (ağ-qara kadrlarla)
Çəkiliş yeri Bakı
IMDb ID0111789

Filmin sloqanı: süjet – kinoda ölüm, mövzu – kinodan ölüm, ideya – kinonun ölümü.

Filmin süjetini iki sözlə belə ifadə etmək olar: kinoda ölüm. Mövzuya gəldikdə isə o belədir: kinodan ölüm. Filmin ideyası: kinonun ölümü

Filmin mövzusu təsadüfən yaranmayıb. Bu, rejissorun indiyə kimi kino haqqında, mədəniyyət haqqında olan düşüncələrənin nəticəsidir. Bu, rejissorun kinoya olan məhəbbəti və nifrətidir. Hər bir adamın daxilində bu iki məfhum, bu hisslər ayrılmazdır. Bəs nəyə görə nifrət? Çünki kino insanı real həyatdan ayırır.

"Yarasa" tamaşaçıya həsr olunmuş kino əsəridir, daha doğrusu, sənət əsərinə tamaşa edən gözlər haqqındadır. Məhz buna görə də onun qəhrəmanı kor olur. Onun kor olması kinoya səsin gəlməsi ilə əlaqədardır. Kinoya səs gəlir...

1920 – 1930-cu illərdə Bakı şəhəri. Rifah içində yaşayan professor, şərq miniatürü üzrə mütəxəssis gənc qıza vurulur. Professor arvadını tərk edir, amma kinematoqraf vurğunu olaraq qalır. Hətta gözləri tutulandan sonra da kinoteatra gəlməyə davam edir...

Çəkiliş qrupu

[redaktə | mənbəni redaktə et]
  • Prodüser: Saday Əhmədov
  • Quruluşçu rejissor: Ayaz Salayev
  • Montaj edənlər: Tamara Nərimanbəyova, Rəfiqə İbrahimova
  • Geyim rəssamları: Nailə Cəfərova, Əli İsgəndərov
  • Səs operatoru: Teymur Abdullayev
  • Quruluşçu rəssam: Şamil Nəcəfzadə
  • Bəstəkar: Nazim Mirişli
  • Quruluşçu operatorlar: Bağır Rəfiyev, Yuri Varnovski
  • Bədii rəhbər: Cəmil Quliyev
  • Ssenari müəllifləri: Kamal Aslanov, Ayaz Salayev
  • Quraşdırılmış səhnələrin operatoru: Antonina Korotnitskaya
  • Quraşdırılmış səhnələrin rəssamı: Fatma Qurbanova
  • Musiqilərindən istifadə edilən bəstəkarlar: Con Qrin, Fridrix Xollender, Çarlz Çaplin

Film 1993-1994-cü illərdə, Azərbaycanda film istehsalının tamamilə dayandığı, dövlət maliyyəsinin kəsildiyi vaxtlarda çəkilib. Filmin istehsalı üçün vəsait İNTERTURAN konserninin prezidenti Saday Əhmədov tərəfindən ayrılıb.

"Yarasa" — "A" kateqoriyasından olan festivalda — Berlin kinofestivalının Forum seksiyasında (əhəmiyyətinə görə, festivalın ikinci seksiyası) nümayiş etdirilmiş ilk Azərbaycan bədii filmidir. Sonralar film ABŞ, Meksika, Almaniya, Avstriya, Fransa, Belçika, İspaniya, Yunanıstan, İsveç, Finlandiya, İsveçrə, Bosniya, Rusiya, Ukrayna, Gürcüstan, Azərbaycan, Türkiyə, Misir, Monqolustanda keçirilən çoxsaylı festivallarda və forumlarda nümayiş etdirilmişdir.

Filmin ilk nümayişi Berlin festivalında hadisə oldu. Bunu Forumun direktoru Ulrix Qreqor da qeyd etdi: "Bu doğrudan da möcüzədir. Nə yaxşı ki, Azərbaycanlı iş adamı bu filmi maliyyələşdirməyə razı olub. Filmin bütün nümayişləri auditoriyanın qlobal marağına səbəb oldu"[2]

Ən nüfuzlu jurnallar və qəzetlərdə "Yarasa" festivalın ən yaxşı filmi kimi təqdim olundu.

Fransanın Le MONDE qəzeti film haqqında yazırdı: "nəfis tərtibatı və zövqlü təsvirləri ilə seçilən, riqqət doğuran bu nağıl sübut edir ki, bəzən hamının xoşuna gələn əsər də ən yaxşı əsər ola bilər. Bu filmi nümayiş etdirməklə Berlin elə ilk gündən mərci udmuş sayılır. Bu, çoxsaylı başqa filmlərin arası kəsilmədən göstərilməsinə də haqq qazandırır"[3].

ABŞ ın Film haqqında ABŞ ın VARİETY jurnalında dərc olunmuş rəydə deyilir: "Bunun qeyri-adi, detallara xüsusi diqqət ayrılaraq çəkilmiş heyrətamiz bir film olduğu heç bir şübhə doğurmur. Film həqiqətən də unudulmaz poetik təcrübə və təəssüratlar bəxş edir"[4].

Fransanın CAHIERS du CINEMA jurnalı filmi "əsl şedevr" adlandırdı[5].

Almaniyanın "Frankfurter Rundşau" qəzeti yazmışdır ki, "Yarasa" filminin quruluşçu rejissoru Ayaz Salayev postmodernizm cərəyanında yeni bir üslubun banisidir[6].

Berlin festivalından sonra "Yarasa" filmi çoxsaylı digər festivallarda və forumlarda nümayiş etdirilib.

Beynəlxalq "Kinotavr" müsabiqəsi haqqında "Literaturnaya qazeta"da çap olunmuş icmal məqalədə Janna Vasilyeva yazır: "Beynəlxalq müsabiqədə məndə ən güclü təəssürat doğuran əsər Ayaz Salayevin "Yarasa" filmi oldu (…) Film formanın mükəmməlliyi ilə bağlı müstəsna hisslər doğurur, sanki burada izafi heç nə yoxdur… Elə təkcə bu filmə (…) baxmaq üçün festivala getməyə dəyərdi."[7]

Monreal festivalında film "Sabahın filmi" rubrikası altında nümayiş etdirilib.

Kinonun vətəni Fransada, Anjer şəhərində, kinonun yüzillik yubiley ilində keçirilən festivalda film Avropanın aparıcı ölkələri – Böyük Britaniya, İspaniya, Almaniya, Fransa, İtaliya istehsalı olan filmələrlə rəqabət apararaq, Qran-pri mükafatına layiq görülüb.

2014-cü ildə Vyana kinofestivalının təşkilatçıları tərəfəndən 40 ölkədən olan tənqidçilər və kinoşünaslar arasında keçirilən səsvermə nəticəsində "Yarasa" son iyirmi beş ilin ən yaxşı Azərbaycan filmi adlandırılıb.

"Yarasa" filmi müstəqil Azərbaycanda istehsal olunaraq, xarici ölkələrə satılan ilk filmlərdəndir. Film Kanada, Fransa, Almaniya, İsveçrə kinoteatrlarında bir neçə il nümayiş etdirilib.

Maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]

Filmin dramaturgiyasının əsasında Vladimir Nabokovun "Qaranlıq otaq" romanının bəzi motivləri dayanır.

"Yarasa" — Berlin festivalından on səkkiz il sonra "A" kateqoriyasından olan Lokarno kinofestivalında iki dəfə nümayiş etdirilmiş azsaylı filmlərdəndir.

Ayaz Salayev bu filmi çəkərkən bədii film çəkilişi sahəsində heç bir təcrübəyə malik olmayıb. O vaxta qədər bir metr də olsun bədii filmi çəkməyib və heç vaxt aktyorlarla işləməyib.[mənbə göstərin]

Sonradan Rasim Balayev həyatda ən böyük səhvinin Ayaz Salayevin “Yarasa” filminə çəkilməyi olduğunu bildirib.[8]

  • “Avropanın ən yaxşı bədii filmi”. //Azərbaycan.-1996.- 3 fevral.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.
  • Kinonun “Yarasa” möcüzə(ləri)si — FOTO
  1. Abdullayeva, S. Azərbaycan Vyanadakı festivalda “Yarasa” ilə təmsil olunub: [kinorejissor Ayaz Salayevin quruluşunda hazırlanan eyniadlı film haqqında] //525-ci qəzet.- 2014.- 15 oktyabr.- S.7.
  2. Moving Pictures Berlinale. Berlin 19 February 1995. p 8 FORUM HEAD WANTS TO STIMULATE DEBATE.
  3. Le MONDE 13. 02. 95. Le bon grain des bas-cotes “Conte sensuel” Jean-Michel Frodon
  4. Variety February 20-26 1995 p 82 David Stratton.
  5. CAHIERS du CINEMA # 491. Mai 1995. p 15. Jacques Morice.
  6. Frankfurter Rundschau. 16 Februar 1995 Jahrgang 51 Nr. 40/7. Wohin und zurük. Heike Kühn
  7. ЛИТЕРАТУРНАЯ ГАЗЕТА 21. vı. 95 № 25(5556) стр. 8 «КИНОТАВР» выбирает комедию
  8. "Rasim Balayevdən ittihamlara CAVAB: "Əbdül Mahmudov da, Ayaz Salayev də sənətə və insanlığa bir ləkədir"". 2022-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-13.