Şibukava Şunkay və ya Şibukava Harumi (渋川 春海?, 27 dekabr 1639, Kioto[d] – 1 noyabr 1715 və ya 6 oktyabr 1715[1], Edo[d]) – Yaponiya astronomu, təqvim alimi, qo oyunçusu və samurayı. Atasının adı olan Yasui Santetsu (安井 算哲?) ilə tanınmış,[2] lakin özünə Şibukava Sakuzaemon adını da götürmüşdür.[3] O, təqvim hazırlayan ilk yapon alimdir.[4]
Şibukava Şunkay | |
---|---|
yap. 渋川春海 | |
Doğum tarixi | 27 dekabr 1639 |
Doğum yeri |
|
Vəfat tarixi | 1 noyabr 1715 (75 yaşında) və ya 6 oktyabr 1715[1] (75 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | astronom |
Vikianbarda əlaqəli mediafayllar |
Şibukava 1639-cu ildə Yaponiyanın Kioto şəhərində yaşayan Yasui ailəsində doğulmuşdur.[4] Atası peşəkar qo oyunçusu idi.[4] Uşaq olanda Rokuzo adı ilə çağırılmışdır.[4] Atasının 1652-ci ildəki ölümündən sonra qo oyununu peşəsi kimi qəbul etmiş və atasının Santestu adını götürmüşdür.[4]
O, gənc yaşlarından etibarən astronomiya və təqvim elmi sahəsində bacarıqlarını nümayiş etdirməyə başlamışdır.[4] Ansay Yamazakidən konfusiçilik və şintozim dərsləri, Cyunşo Matsuda, Tayfuku Abe və Qentey Okanoydan təqvim elmi dərsləri almışdır.[3][4]
Şibukava həyatının böyük hissəsini Edo şəhərində keçirsə də, qo oynamadığı vaxtlar Kiotoda olmuşdur.[4] Mito əyalətinin daymyosu Mitsukuni Tokuqava və Ayzu əyalətindən Masayuki Hoşina onu mühazirə verməyə dəvət etmişdirlər.[4] Hoşina Şibukavanı şoquna təqvim islahatı üçün ən münasib şəxs kimi göstərmişdir.[4] Şibukava 1864-cü ildə Astronomiya bürosuna qəbul edilmişdir.[4] 1686-cı ildə iqamətgahını Edo şəhərinə köçürmüş, 1692-ci ildə samuray olmuşdur.[4] 1702-ci ildə Yasui ailəsinin orijinal soyadı olan Şibukava soyadını qəbul etmişdir.[4]
Şibukava 1715-ci ildə Edo şəhərində ölmüşdür.[4] Qəbri Tokionun Şinaqava xüsusi rayonundakı Tokay Zen məbədində yerləşir.[4]
Şibukava bir neçə illik müşahidələrindən sonra Yaponiyada 800 ildən çox istifadə olunmuş Çin təqvimi olan Süanmin təqvimində Ay tutulması tarixlərinin səhv olduğunu və digər xətaları kəşf etmişdir.[3][2] O, müəllimi Tayfuku Abe ilə birlikdə Yuan sülaləsinin təqvimi əsasında Cokyo təqvimini hazırlamış[3] və Yaponiyada təqvim islahatını dəstəkləmişdir.[4] Bu təqvim 1685-ci ildə Tokuqava şoqunluğu tərəfindən rəsmi olaraq qəbul edilmiş və 1755-ci ilə qədər istifadə edilmişdir.[4]
Şibukava "Nihon Çoreki" adlı işini (azərb. "Yaponiyanın uzun təqvimi") tərtib etmiş,[3] Mitsukuni Tokuqava üçün qlobus hazırlamışdır.[3] O, "Tenşo Retsuci no Zu" (1670), "Tenmon Bunya no Zu" (1677) və "Tenşo Seyşo Zu" (1699) kimi ulduz xəritələrinin müəllifi olmuşdur.[4] Oğlu Hisatadanın adı ilə nəşr olunmuş "Tenşo Seyşo Zu" əsərində ənənəvi Çin ulduz xəritəsində olmayan yeni bürcləri göstərmişdir.[2][4]
2012-ci ildə rejissor Yociro Takita tərəfindən çəkilmiş "Yerdə və göydə dərindüşüncəlilik" filmi Şibukava Şunkayın həyatından bəhs edir. Filmdə astronomu Cuniçi Okada canlandırmışdır.[5]