Müasir Yunanıstanda ölüm cəzası gilyotinlə (1913-cü ilə qədər) və ya odlu silahla həyata keçirilirdi. Ölüm cəzası sonuncu dəfə 1972-ci ildə Hərbi Xuntanın hakimiyyəti dövründə tətbiq edilib və 1975–2005-ci illər arasında ölüm cəzası mərhələli şəkildə ləğv edilib.
Yunanıstan İstiqlaliyyət müharibəsi zamanı həyata keçirilən edamlar güllələnmə üsulu ilə idi, baxmayaraq ki, Monarxiya 1834-cü ildə Cəza məcəlləsini tətbiq edərkən yeganə edam üsulu olaraq gilyotinlə başın kəsilməsini qanuniləşdirmişdi.[1] 1847-ci ildə hər edam üçün gilyotinin təmin edilməsində yaranan çətinliklər hökuməti alternativ edam üsullarını (güllələnmə) tətbiq etməyə məcbur etdi.[2] Hər iki edam üsulu, 1929-cu ildə güllələnmə yeganə edam vasitəsinə çevrilənə qədər istifadə ediləcəkdi (sonuncu gilyotinlə edam 1913-cü ildə gerçəkləşdirilib). 1946–1949-cu illər arasında Yunanıstanda vətəndaş müharibəsi zamanı 3000-dən çox insan edam edilib.[3] Sonuncu ölüm cəzası 1972-ci il avqustun 25-də həyata keçirilib. Bu da Krit adasında həyat yoldaşı, qayınanası və iki uşağını (onları öz evində diri-diri yandırıb) qətlə yetirdiyinə görə 27 yaşlı Vasilis Limberisin güllələnməsi olub.[4]
Ölüm cəzası 1975-ci il Konstitusiyasının 7-ci maddəsi əsasən müharibə dövründə vətənə xəyanət istisna olmaqla, dinc dövrdə törədilmiş cinayətlərə görə ləğv edildi.[5] Yunan Xuntasının üç aparıcı üzvü Georgios Papadopulos, Stilianos Pattakos və Nikolas Makaresos Yunan Xuntası məhkəmələri zamanı edam cəzasına məhkum edilsələr də, Karamanlis hökuməti bu cəzanı ömürlük həbslə əvəz etdi.
1997-ci ildə Yunanıstan, müharibə dövründə törədilmiş ən ağır cinayətlərə, yəni vətənə xəyanətə görə ölüm cəzasının tətbiqinə imkan verən punktların qalması şərti ilə Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın ölüm cəzasının ləğvinə yönəlmiş İkinci Fakültativ Protokolunu ratifikasiya etdi. Avropa İnsan Hüquqları Konvensiyasında (AİHM) sülh dövründə ölüm hökmünün ləğvini nəzərdə tutan 6 saylı Protokol 1998-ci ildə ratifikasiya edildi.[6]
Yunanıstan 2004-cü ildə bütün cinayətlərə görə ölüm cəzasını ləğv etdi.[7] 2005-ci ildə Yunanıstan AİHM-in bütün hallarda ölüm hökmünün ləğvi ilə bağlı 13 saylı Protokolu ratifikasiya etdi.[8]
2013-cü ildə isə Qızıl Şəfəq Partiyası zorakı cinayətlərə görə məhkum edilmiş mühacirlər üçün ölüm cəzasını bərpa etməyə çağıran nümayişlər edib.[9]