Yusay Sakay (酒井雄哉, Sakay Yusay?, 5 sentyabr 1926, Osaka – 23 sentyabr 2013) – yapon buddist rahibi. O, buddizmin Tenday məktəbinə mənsub olmuşdur.
Yusay Sakay | |
---|---|
yap. 酒井雄哉 | |
Doğum tarixi | 5 sentyabr 1926 |
Doğum yeri | |
Vəfat tarixi | 23 sentyabr 2013 (87 yaşında) |
Fəaliyyəti | pilot, kamikaze[d], bhikşu |
Yusay Sakay 5 sentyabr 1926-cı ildə doğulmuşdur. O, məktəbdə zəif şagird olmuş, dəfələrlə imtahanlardan kəsilmişdir. Məzun ola bilmədiyi üçün İkinci Dünya müharibəsində döyüşməyə qərar vermiş və kamikaze pilotu təlimi almışdır. Müharibədən sonra universitetə daxil olmağa cəhdləri uğursuz olmuş, Tokioda müxtəlif işlərdə işləmişdir. Ailə həyatı qurmasına baxmayaraq, maddi cəhətdən çətinliklər yaşamış, hətta bəzən aylarla iş tapa bilməmişdir. Bu vəziyyətə dözə bilməyən həyat yoldaşı intihar etmişdir.[1]
Həyat yoldaşının yasını tutan Sakay 1965-ci ildə Osakadan Hiey dağına qədər yolu ayaqla getmişdir. O, Hiey dağının rahiblərinə qatılmaq istədiyini bildirsə də, yaşlı olduğu üçün əvvəlcə qəbul edilməmişdir. Sakay soyuq şəlalənin altında 108 dəfə düşüb-qalxma praktikasını yerinə yetirdikdən sonra sektaya qəbul edilmişdir. O, 1971-ci ildə bir əsrdən çoxdur heç kimin yerinə yetirə bilmədiyi, Buddanın adını 90 gün ərzində gündəlik 2 saat yuxu ilə təkrarlamaq ritualı olan "aramsız nembutsu" ritualını yerinə yetirmişdir.[1]
Sakay 1980-ci ildə tamamladığı "senniçi kayhoqyo" adlı praktikaya tanınır: o, 848 metr hündürlüyündə olan Hiey dağının dağlıq ərazisində və Kioto şəhərində yeddi il ərzində 40 min kilometrlik yolu gəzmişdir.[2] Sakay ilk senniçi kayhoqyosunu tamamladıqdan sonra Dayqyoman Acari (Ən ali praktikanın müqəddəs ustası) titulunu almışdır. Əldə etdiyi uğura baxmayaraq o, xoşbəxt hiss etmədiyini qeyd etmişdir.[1]
Sakay 1987-ci ildə 60 yaşında ikən eyni uğuru bir daha təkrarlamışdır. O, Enryaku məbədinin 1571-ci ildə Oda Nobunaqa tərəfindən məhv edilməsindən sonra senniçi kayhoqyonu iki dəfə etməyi bacaran üçüncü şəxs olmuşdur.[2] Sakayın şagirdi Qenşin Fucinami 2003-cü ildə senniçi kayhoqyonu tamamlamağı bacarmışdır.[1]
Sakay 1991-ci ildə Çinin Şansi vilayətində yerləşən, 3058 metr hündürlüyündəki Utay dağına zəvvar səyahəti etmiş və çinli rahiblərə qoşularaq müharibə qurbanlarının ruhları üçün dua etmişdir. Sakay 1995-ci ildə Vatikana səfər etmiş və Roma papası II İohan Pavel ilə görüşmüşdür.[2]