Zeitgeist hərəkatı (ing. Zeitgeist Movement) — cəmiyyətin və mövcud iqtisadi sistemin resurs paylaşdırılması və envayromentalizmi əsas alan qeyri-monetar sistemə dəyişdirilməsinin vacibliyini müdafiə edən qeyri-kommersiya təşkilatı. 2008-ci ildə Piter Josef tərəfindən ABŞ-də yaradılıb.
2007-ci ildə təşkilatın qurucusu Piter Josef aşağı Manhettendə özünün hazırladığı və maliyyələşdirdiyi Zeytgeyst olaraq adlandırdığı altı gecəlik canlı performans təqdim edib. 2012-ci ildə verdiyi bir müsahibədə bu performans əsasında hazırladığı Zeytgeyst filmlərinin ilk seriyası olan "Zeitgeist: The Movie" filminin sosial medyada milyon dəfələrlə izlənib böyük maraq döğurmasına çox təəccübləndiyini qeyd edib.
Seriyanin ikinci filmi olan "Zeitgeist: Addendum" filminin 2008-ci ildə yayımlanmasından qısa müddət sonra Josef Zeytgeyst hərəkatını yaradır. İdeyanın əsasları cəmiyyət mühəndisi Jak Fresko tərəfindən yaradılmış ictimai model olan Venera layihəsindən qaynaqlanır. Venera layihəsində maşınlar bütün insan biliklərinə sahib super-beyin olan "Yer kürəsini əhatə edən avtonom qavrayıcı sistem" adlı süni zəka vasitəsilə sənaye və hökuməti idarə edir və resursları qoruyur.
İlk illərində hərəkat özünü Venera layihəsinin aktivist qolu olaraq tanıdırdı. 2011-ci ilin aprel ayında iki qrupun əməkdaşlığı aşkar güc mübarizəsi zəminində sona çatır. Josef şərhlərində belə deyirdi: Zeytgeyst hərəkatı olmadan Venera layihəsi mövcud ola bilməz – onun sadəcə ideyaları var və o ideyaları gün işığına çıxarmaq üçün münasib metodları yoxdur. Fresko isə bir müsahibəsində Zeytgeyst hərəkatının Venera layihəsinin aktivist qolu olmağı istəməyinə baxmayaraq Josefin bunu necə edəcəyini heçvaxt aydınlaşdırmadığı və onun cəmiyyəti dəyişdirmək barədə fikirlərinə uymadığını qeyd edir. Nəticədə Fresko Zeytgeyst hərəkatı ilə ortaqlıqdan çəkilir.
Hərəkat kapitalist bazar iqtisadiyyatını tənqid edir, onun struktur olaraq korrupsiyalı və resurlara qarşı israfçı olduğunu izah edir. Hərəkat tarixi dini konseptləri aldadıcı adlandırıb yox sayır və cəmiyyətin elmə əsaslanan idarəolunmasını və davamlı ekologiyanı doğru baxış olaraq mənimsəyir.
VC Reporterdən Şeyn Kon hərəkatın fikirlərini belə icmallaşdırır: "Bizim ən böyük sosial problemlərimiz birbaşa iqtisadi sistemimizin nəticələridir".
2014-cü ilin yanvar ayında hərəkat "The Zeitgeist Movement Defined: Realizing A New Train Of Thought" adlı kitabı öz hesabına çap etdi. Kitab hərəkatın mühazirə komandası tərəfində qələmə alınmış, MakLeyş, Met Berkovits və Piter Josef tərəfindən redaktə edilmiş psixologiya, iqtisadiyyat və elmi nəzəriyyə haqda on səkkiz essedən ibarətdir.
Kitabda hərəkatın adı belə izah olunur:
Hərəkat iki adda illik tədbir həyata keçirir: təhsil forumu olan Z-Day (May ayında təşkil olunur) və incəsənət tədbiri olan Zeytgeyst Media Festival. İkinci Z-Day 2009-cu ildə Manhettendə keçirilib və Piter Josef və Jak Freskonun mühazirələri ilə yadda qalıb. Eyni gündə lokal qurumlar da kiçik tədbirlər təşkil ediblər. Zeytgeyst Media Festivalı 2011-ci ildə keçirilib. Onun 4-cü illik tədbiri 2013-cü il avqust ayının 4-də Los-Ancelesdə "Avalon Hollywood" gecə-klubunda təşkil olunub.
New York Times-ın məlumatına görə, hərəkatın ikinci illik tədbiri 2009-cu ildə hər biri 10 dollar ödəyərək qatılan 900 nəfərlə "Manhattan Community College"də keçirilib. Tədbir təşkilatçılarının bildirdiyinə görə bütün dünyada 70 ölkədə 450 tədbir də eyni gündə keçirilib.