Məhərrəmli Zemfira İsmail qızı (1955, Bakı şəhəri, Azərbaycan Respublikası) — Əməkdar jurnalist, yazıçı-publisist, pedaqogika üzrə fəlsəfə doktoru.
Zemfira Məhərrəmli | |
---|---|
Zemfira İsmail qızı Məhərrəmli | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | jurnalistika |
Elmi dərəcəsi | pedaqogika üzrə fəlsəfə doktoru |
Təhsili | BDU Jurnalistika |
Mükafatları |
|
Zemfira Məhərrəmli 11 dekabr 1955-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini Bakı şəhəri, Cəfər Cabbarlı adına 187 saylı orta məktəbdə alıb. 1978-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib. Universitet auditoriyasında müəllimi olmuş ustad jurnalist Nəsir İmanquliyevin yaratdığı "Bakı" və "Баку" şəhər qəzetlərində 1978-ci ildən əmək fəaliyyətinə başlayaraq müxbir işləmiş, elm, təhsil və mədəniyyət şöbəsinin müdiri vəzifəsində çalışmışdır (1990-2003).
Z.Məhərrəmli insan hüquqlarına, o cümlədən mənəvi problemlərə dair çoxsaylı publisistik yazıların müəllifidir.[1] Azərbaycan Jurnalistlər (1979) və Yazıçılar (2003) birliklərinin üzvüdür.[2] AYB-nin Hərbi vətənpərvərlik bölməsinin üzvüdür.
1990-1992-ci iliərdə Azərbaycan televiziyasında müntəzəm efirə çıxan populyar “Ana sözü” qadınlar üçün ictimai-siyasi proqramın ssenari müəllifi və aparıcısı olmuşdur.
Z.Məhərrəmli 2003-cü ilin aprelindən 2016-cı ilin yanvar ayına qədər Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsində çalışmış, Mətbuat xidmətinin rəhbəri olmuşdur.[3]
Fəaliyyəti ilə bağlı 30-dək xarici ölkəyə səfər etmiş, çoxsaylı beynəlxalq konfransların və seminarların iştirakçısı olmuşdur. Haaqa I Sülh konfransı (1999), Avropa ombudsmanlarının Norveçdə (2003) və Danimarkada (2004) keçirilmiş beynəlxalq “dəyirmi masa”larına, habelə Qara dəniz ölkələri ombudsmanlarının İstanbulda (2005) təşkil olunmuş beynəlxalq seminarına qatılmışdır.
Media problemlərinə həsr edilmiş nüfuzlu beynəlxalq toplantılarda, forumlarda dəfələrlə Azərbaycan jurnalistikasını, həmçinin ölkəmizdə formalaşmış mətbuat xidməti institutunu təmsil etmişdir. 2012-ci ildə Türkiyədə və 2014-cü ildə Dubayda düzənlənmiş News media konfranslarında iştirak və çıxış etmişdir.
Ailəlidir, iki övladı, üç nəvəsi var.
2003-cü ildən Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin Fəxri üzvüdür. Müharibədə iştirak etmiş qadınların döyüş şücaətini işıqlandırdığına görə Veteran Qadınlar Təşkilatının və Şəhid Anaları Xeyriyyə Mərkəzinin Fəxri Fərmanları ilə mükafatlandırılmışdır.
İngilis dilində nəşr olunan “Garabagh war witnessed by women” (“Qarabağ müharibəsi qadınların şahidliyi ilə”) (2005) və Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində çapdan çıxmış “Карабахская война: сражались и женщины” (2005) kitablarına görə Beynəlxalq Avrasiya Mətbuat Fondunun “Qarabağ” Ali mükafatını almışdır.
Yaradıcılıq uğurlarına görə AJB-nin Həsən bəy Zərdabi (1997), Azərbaycan Kütləvi İnformasiya Vasitələri Həmkarlar İttifaqının (AzərKİVİHİ) “Qızıl qələm” (1998) mükafatlarına layiq görülmüşdür. Milli mətbuatımızın inkişafında səmərəli xidmətlərinə görə Zemfira Məhərrəmli Azərbaycan Mətbuat Fondunun «Dan ulduzu» Diplomu, Lider Qadınlar Birliyinin Milli Qəhrəman, jurnalist Salatın Əsgərova adına Fəxri Fərmanı, “Qafqaz-Media” İctimai Birliyinin “Müqəddəs qələm”, habelə Sara xatun Diplomları ilə mükafatlandırılmışdır.
O, publisistik yaradıcılıq uğurlarına görə AzərKİVİHİ-nin “Vətən” diplomu (2000) və “Araz” Ali ədəbi mükafatı (2001) ilə təltif olunmuşdur.
Zemfira Məhərrəmli ölkə Prezidentinin 21 iyul 2010-cu il tarixli Sərəncamı ilə «Tərəqqi» medalına layiq görülmüşdür.
AYB-nin Beynəlxalq Rəsul Rza mükafatına (2018) layiq görülmüşdür. 2018-2019-cu illərdə IX və X "The first" ödüllərinin sahibidir.
Prezident mükafatçısı olmuşdur (2019).
Zemfira Məhərrəmli ölkə Prezidentinin 6 mart 2021-ci il tarixli Sərəncamı ilə «Əməkdar jurnalist» fəxri adına layiq görülmüşdür.
Zemfira Məhərrəmli 2003-cü ildə “İbtidai məktəb və məktəbəqədər tərbiyə” jurnalında tərbiyə problemi” mövzusunda dissertasiya müdafiə edərək, pedaqogika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. Pedaqogika nəzəriyyəsinə və jurnalistikaya nəzəri yenilik gətirən elmi əsərdə bu problem şəxsiyyətin formalaşdırılması kontekstində öyrənilmiş, kiçikyaşlı uşaqların ahəngdar inkişafına təsir edən amillər araşdırılmışdır. Onun “İbtidai məktəb və məktəbəqədər tərbiyə” məcmuəsində tərbiyə problemi” adlı monoqrafiyası 2004-cü ildə “Nurlan” nəşriyyatında çap edilmişdir.
1991-ci ildən mətbuatda həm də hərbi mövzuda yazılarla çıxış edib. Dəfələrlə “qaynar” nöqtələrdə olmuş, Qarabağ müharibəsinin dəhşətləri, torpaqlarımızın bölünməzliyi uğrunda çarpışan oğul və qızlarımızın hünərini əks etdirən silsilə cəbhə reportajları yazaraq dərc etdirmişdir. Z.Məhərrəmli “Döyüşə qızlar gedir” (1997), “Qarabağda savaş var” (İstanbul, “Turan” yayın evi, 1999), “Ötür durna qatarı” (2000), “Qırx qız dastanı” (2003) kitablarının müəllifidir.
Z.Məhərrəmlinin əsərləri Azərbaycan, rus, ingilis və türk dillərində çap edilmişdir.
İngilis dilində nəşr olunan «Garabagh war witnessed by women» («Qarabağ müharibəsi qadınların şahidliyi ilə», 2005) və Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində çapdan çıxmış «Карабахская война: сражались и женщины» (2005) kitablarına görə Beynəlxalq Avrasiya Mətbuat Fondunun «Qarabağ» Ali mükafatını almışdır. Onun Qarabağ mövzusunda gərgin yaradıcılıq axtarışlarının bəhrəsi olan kitabları ictimaiyyət arasında ciddi rezonans doğurub. Təkcə «Döyüşə qızlar gedir» kitabı haqqında 40-dək resenziya dərc edilib.
2007-ci ildə “Bir ömürdə yaşanan üç həyat” (S.Gəncəli ilə birlikdə) kitabı işıq üzü görmüşdür.
Zemfira Məhərrəmlinin "Jurnalistin yol qeydləri" kimi qələmə alınmış “Ömür bitər, yol bitməz...” (2015) kitabı, habelə povest, hekayə, mənsur şeirlər və esselərindən seçmələrin toplandığı “Oyuncaq” (2015) adlı əsəri RS Poliqraf nəşriyyatında, "Söz adamı" (2015) məqalələr toplusu isə "Səda" nəşriyyatında işıq üzü görmüşdür. Qələm sahibinin yol kitabında soydaşlarımızla görüşlərdən, onların tarixi vətənə − Azərbaycana bağlılığından, bitib-tükənməyən Qarabağ dərdimizdən, ümid və arzularımızdan söz açılmışdır. Bədii nümunələrin yer aldığı nəsr əsərində isə müəllif ənənəsinə sadiq qalaraq, həyatın burulğanlarına, ağrılı mövzulara baş vuraraq, gerçək dünyamızın əzəli-əbədi dəyərlərindən, insan talelərindən söz açmış, xarakterlərin toqquşmasını fərqli ədəbi prizmadan təqdim etmiş, maraqlı, bədii situasiyalarda əks etdirdiyi hadisələrlə bağlı hiss və duyğularını bölüşmüşdür.
Z.Məhərrəmli türk dövlətlərini əhatə edən Türkiye İlim ve Edebiyat Eseri Sahipleri Meslek Birliği (İLESAM) kimi nüfuzlu beynəlxalq yaradıcılıq qurumunun üzvüdür. Müəllifin «Sonbaharın Ilgımları» («Payız ilğımları») adlı kitabı (2017) həmin qurumun Azərbaycan təmsilçiliyi ilə birgə layihə çərçivəsində, Türkiyə türkcəsində işıq üzü görmüşdür. Bədii nəsr nümunələri toplanmış bu kitabında yazıçı ənənəsinə sadiq qalaraq, yaradıcılığının əsas mövzusundan yan keçməmış, Qarabağ müharibəsinin həyatımıza gətirdiyi fəlakətləri əks etdirən, barıt qoxulu, təməli yurdsevərlik olan hekayətləri kitabına daxil etmişdir. Müəllifin povest və hekayələrinin, mənsur şeir və esselərinin də yer aldığı kitabda çağdaş dünyamızın əzəli-əbədi dəyərləri, müxtəlif insan taleləri fərqli ədəbi prizmalardan təsvir edilmişdir.
Təbrizin «Yaşar qələm» nəşriyyatında müəllifin povest və hekayələrindən ibarət «Analıq haqqı» kitabı (2018) işıq üzü görmüşdür.
Müəllifin «Qarabağ müharibəsi: zərif talelər» kitabı (Bakı, CBS, 2018) Azərbycan Xalq Cümhuriyyətinin və Milli Ordumuzun 100 illiyinə həsr olunub. Bu kitabın Bakıda, Tbilisidə və Ankarada təqdimat mərasimləri keçirilib.
Mətbuatda müntəzəm olaraq publisistik yazılar və bədii nümunələrlə çıxış edir.[4] Qələmə aldığı povest və hekayələri, esseləri və mənsur şeirləri “Azərbaycan”, “Ulduz”, "İşıq" və "Yada düşdü" jurnallarında, “Məhsəti”, “Yazıçı qadınlar”, “Söz” dərgilərində, “Bakı” və “Баку”, “525-ci qəzet”, “Ədəbiyyat qəzeti”, "Ədalət", "Şərq" və “Мир литературы” qəzetlərində dərc olunur.
Z.Məhərrəmlinin nəsr əsərləri Belarusda nəşr olunan «Mетаморфозы» ədəbi-bədii jurnalında (2019-2020), Türkiyədə çıxan «Kumru» (2019) və «İLESAM» (2017), İraqda buraxılan «Türkmen kültürü» və «Türkmen yazarı» dərgilərində (2020-2021) dərc edilmişdir.
Yazıçı-publisistin sayca 15-ci kitabı – «Bədii düşüncədə Qarabağ» adlı əsəri taleyimizə yazılan 30 illik savaşın başlanğıcından Vətən müharibəmizədək olan dövrü əhatə edir. Kitabda müəllifin yazıçı tənqidinin diqqətini çəkən, bü yöndə ədəbi söhbətlərinin məğzini təşkil edən iztirab və kədərimiz, mücadiləmiz və möhtəşəm Zəfərimizdən söz açılır, qələm adamlarının yaradıcılığında Qarabağ mövzusunun bədii inikası araşdırılıb.