Salatın Əsgərova

Salatın Əsgərova (tam adı: Salatın Əziz qızı Əsgərova; 16 dekabr 1961, Bakı9 yanvar 1991, Laçın) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. 1991-ci il yanvarın 9-da Laçından Şuşaya yollanarkən Qaladərəsi kəndi yaxınlığında Ermənistan Silahlı Qüvvələri tərəfindən qətlə yetirilən Salatın Əsgərova, Azərbaycanın yeganə şəhid xanım jurnalistidir.[1]

Salatın Əsgərova
Salatın Əziz qızı Əsgərova
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (29 yaşında)
Vəfat yeri Laçın, Azərbaycan
Vəfat səbəbi Şəhid olmuşdur
Dəfn yeri Bakı şəhəri Şəhidlər xiyabanı.
Uşağı Ceyhun Əsgərov
Atası Əziz Xələfov
Təhsili
Fəaliyyəti Jurnalist
Mükafatları "Qızıl Ulduz" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Salatın Əsgərova 16 dekabr 1961-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.[2] 1979-cu ildə Bakı şəhərində Mikayıl Müşfiq adına 18 saylı orta məktəbi əla qiymətlərə başa vurmuşdur.[2] O, həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuşdur.[2] Onun müəlliməsi Firəngiz Haşımovanın sözlərinə görə, Salatın Əsgərova uşaqlıqdan öz möhkəm iradəsi ilə seçilirdi.[3]

Jurnalist fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
Salatın Əsgərova və oğlu

1984-cü ildə geofizika ixtisası üzrə mühəndis diplomu alan Salatın Əsgərova jurnalistika sahəsinə böyük maraq göstərirdi. Nəticədə 1984-cü ildə müqavilə ilə "Bakı" qəzetində, 4 il sonra isə "Molodyoj Azerbaydjana" qəzetində işləməyə başlayıb.[2][4] Onun toxunduğu məsələlər Azərbaycan torpaqlarının bütövlüyü ilə bağlı idi.[2] O, tez-tez cəbhə xəttinə gedər, qaynar nöqtələrdən operativ materiallar hazırlayardı.[2] Ailəsi, iş yoldaşları ondan bərk nigaran idilər. Dəfələrlə onun döyüş bölgəsinə getməyinin qarşısını almağa çalışsalar da, heç nəyə nail ola bilmirdilər.[2]

Onun sonuncu yazısı Xocalıdakı xüsusi təyinatlı polis dəstəsinin fəaliyyətindən, çətin döyüş əməliyyatlarından bəhs edən "Omonçular" idi.[5] O, "Molodyoj Azerbaydjana" qəzetinin 1991-ci il 3 yanvar tarixli sayında, təkcə azərbaycanlı döyüşçülərin igidliyindən yazmır, həm də imperiya nökərlərini kəskin tənqid edirdi.[5] Yazı belə bir məntiqi yekunla bitir:

" SSRİ prezidentinin DQMV-də qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi barədə fərmanına əməl olunmursa, respublikamızda prezident idarəçiliyinə nə ehtiyac var? Azərbaycan nəyə görə Mərkəzi rəhbərliyin yeni idarəetmə üsullarının sınaq meydanına çevirilməlidir? Bu suallara mütləq cavab alınmalıdır. Başqa cür ola bilməz.[5] "

Qarabağ müharibəsi və döyüşlərdə iştirakı

[redaktə | mənbəni redaktə et]

Salatın Əsgərova 1991-ci il yanvarın 8-də Laçının Ağanus kəndində olmuşdur. Kənd sakini Əbülfət Məhərrəmovun verdiyi müsahibədən:

" Söhbətdən sonra maraqla çiynimdəki "Kalaşnikov" avtomatına baxdı. Bir neçə atəş açmağa icazə verməyimi xahiş etdi. Razılaşdım. Salatın avtomatı götürdü. Kənd uşaqları təxminən 100 metr aralıda bir hədəf qurdu. Xanım jurnalist avtomatdan bir neçə sərrast atəş açdı... Sonda reportajın tezliklə qəzetdə dərc olunacağına və radioda veriləcəyinə söz verərək, sağollaşıb bizdən ayrıldı.[6] "

Onun boğazında zob xəstəliyi vardı.[4] Bu xəstəlikdən Salatın Əsgərova yaman əziyyət çəkirdi.[4] Yaxın adamları və iş yoldaşları tez-tez ona cərrahiyyə əməliyyatını məsləhət görsədə, Əsgərova əməliyyat zamanı ölüm riskindən qorxurdu.[4] Lakin, atası Əziz Əsgərovun məsləhətindən sonra, cərrahiyyə əməliyyatının aparılmasına razılıq verdi.[4] 1992-ci il 16 yanvarda əməliyyatın vaxtını təyin etsələr də, ezamiyyətdən sonra xəstəxanaya tələsmədi.[4]

O, 1991-ci ilin yanvarın 8-dən 9-na keçən gecə Bakıdan Şuşaya Oleq Larionovun yanına getməyə qərara aldı.[5] O, evdən hərbi forma geyinib çıxmışdır.[6] Batalyon komandiri podpolkovnik Oleq Larionov Tayşet nəslindən idi, sibirli idi.[7] O, 5 il batalyona rəhbərlik etmişdi, həmin batalyon 1990-cı ilin yazında Qazaxın Bağanis Ayrım kəndini ermənilərin hücumlarından qorumuşdu.[7] Buna görə də ermənilər Larionovun başına 10 min rublluq mükafat vəd etmişdilər.[7] O, həm də Qazaxda Salatın Əsgərovanı ölümdən xilas etmişdi.[5] Salatın Əsgərova Oleq Larionovla söhbət etdi.[5]

1991-ci il yanvarın 9-da pusquda durmuş erməni terrorçuları tərəfindən Yevlax-Laçın yolunun 141 km-də Qaladərəsi kəndi yaxınlığında, Gəncə şəhərinin "N" saylı hərbi hissəsinə məxsus "UZ 469" markalı 30–14 NB dövlət nömrə nişanlı avtomaşın atəşə tutuldu.[4] Ermənilər hərbi maşını iki istiqamətdən – həm avtomatdan, həm də snayper tüfəngindən qabaqdan, arxadan və soldan güllələdilər.[7] Sonradan hadisə yerinə gələnlər maşında 113 güllə deşiyi saymışdılar.[7] Hərbi maşının sürücüsü — serjant İ. Qoyek ölməzdən əvvəl əyləçi basa bilir, mayor İqor İvanov dərhal ölür.[7] Podpolkovnik Oleq Larionov isə ermənilərə avtomatdan atəş açmağa imkan tapır.[7] O, beş güllə yarası almasına baxmayaraq maşından yerə düşə bilir, yolu keçib ermənilərdən xeyli uzaqlaşıb, silahındakı patronlar qurtarana qədər onlarla döyüşür.[7] Sonda o yerə yıxılır və ermənilər ona yaxınlaşıb yenidən güllələyirlər.[7] Daha sonra erməni silahlıları maşının qapısını açıb, yaralı Salatın Əsgərovanı dayanmadan güllələyirlər.[7] Güllələrdən biri onun gicgahına dəymişdi.[4][5]

Salatın Əsgərovanın qatillərinin ələ keçməsində İsrafil Şahverdiyevin rolu böyük idi.[8] Onların ölümünə bais olan Arno Mkrtçyan, Qraçik Petrosyan, Arvid Manqasaryan, Qaqik Arustamyan müəyyənləşdirilərək, 1991-ci ilin mayında həbs olunmuşdu.[9] 1993-cü ildə cinayətkarlar ölümə məhkum edilirlər.[9] Lakin göstərilən şəxslərin hamısı 1996-cı il mayın 8-də birtərəfli qaydada Ermənistana təhvil verilmişdir.[9]

Salatın Əsgərova Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Ailəli idi, Ceyhun adlı oğlu yadigar qalıb.[2] Poeziyanı, musiqini və kitab oxumağı çox sevərdi.[4]

Salatın Əsgərovanın xatirə lövhəsi

Ölümündən sonra Beynəlxalq Jurnalistlər İttifaqı Konfederasiyasının laureatı adına layiq görülüb.[5][10] Salatın Əsgərovanın yaxınlığında həlak olduğu kənd Salatınkənd adlanır.[2] Onun Bakıda yaşadığı binada xatirə lövhəsi vurulub.[2] Bakıda küçələrdən biri, Bakı buxtasında gəzinti gəmisi və Qadınlar İctimai Birliyinin təsis etdiyi mükafatı onun adını daşıyır.[2][11] Təfəkkür Universitetində büstü qoyulmuşdur.[2] 1993-cü ildə bəstəkar Elza İbrahimova "Salatın" onun xatirəsinə həsr etmişdir.[12] Mahnı Flora Kərimova tərəfindən ifa olunmuşdur.[12]

Nəbi Xəzri Salatın Əsgərova haqqında elegiya-poeması yazmışdır.[13]

2016-cı ildə Salatın Əsgərovaya həsr olunmuş qısametrajlı "Vətən üçün gedirəm" filminin təqdimatı keçmişdir.[14]

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]

Salatın Əsgərova 6 noyabr 1992-ci ildə Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyin 294 saylı fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.[2]

  1. "Milli Qəhrəman Salatın Əsgərovanın xatirəsi yad edilib". www.anl.az. www.anl.az. Archived from the original on 2021-12-20. İstifadə tarixi: 28 iyun 2016.
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 "Ceyhun Əsgərov: "Anamın qanını yerdə qoymayacam"". www.anspress.com. ANS. Archived from the original on 2021-12-20. İstifadə tarixi: 28 iyun 2016.
  3. "Buğda dənəsi də sənət əsərinə çevrilir". www.anl.az. www.anl.az. Archived from the original on 2020-12-02. İstifadə tarixi: 28 iyun 2016.
  4. 1 2 3 4 5 6 7 8 9 "Odlu nöqtələrdən yazan qəhrəman xanım Salatın Əsgərova həmişə ucuz ölümdən qorxurdu". www.anl.az. www.anl.az. Archived from the original on 2021-01-16. İstifadə tarixi: 28 iyun 2016.
  5. 1 2 3 4 5 6 7 8 Hüseynzadə, Fuad. "O, qələmiylə mübarizə aparanlardan idi". anl.az. anl.az. Archived from the original on 2020-11-28. İstifadə tarixi: 28 iyun 2016.
  6. 1 2 "Salatın Əsgərova mənim avtomatımdan atəş açdı..." anl.az. anl.az. Archived from the original on 2021-12-20. İstifadə tarixi: 28 iyun 2016.
  7. 1 2 3 4 5 6 7 8 9 10 "Xocalı soyqırımı: Salatın və Müşkünaz". ann.az. ann.az. Archived from the original on 2021-12-20. İstifadə tarixi: 28 iyun 2016.
  8. "Vətən yolunda canlarından keçənlər..." anl.az. anl.az. Archived from the original on 2020-11-28. İstifadə tarixi: 28 iyun 2016.
  9. 1 2 3 "Erməni vəhşiliyi: cəzasız qalan cinayətlər - faktlar və sənədlər - III YAZI". modern.az. modern.az. Archived from the original on 2021-12-20. İstifadə tarixi: 28 iyun 2016.
  10. ARB TV. "Salatın Əsgərovanın ölümündən 33 il ötür: Xankəndidən Şuşaya gedərkən..." (az.). Youtube.com. 10.01.2024. 2024-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-10.
  11. "Flora Xəlilzadə kimdir?". www.timeturk.com. www.timeturk.com. 2017-05-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 iyun 2016.
  12. 1 2 ""Nizami" Kino Mərkəzində Salatın Əsgərovaya həsr edilmiş "23" sənədli filminin təqdimatı olub". www.anl.az. www.anl.az. Archived from the original on 2020-12-02. İstifadə tarixi: 28 iyun 2016.
  13. "Dəniz, göy və məhəbbət şairi". www.anl.az. www.anl.az. Archived from the original on 2020-12-02. İstifadə tarixi: 28 iyun 2016.
  14. "Əməkdar artist ağladı". www.qafqazinfo.az. www.qafqazinfo.az. İstifadə tarixi: 28 iyun 2016.