Zirə (Xəzər)

ZirəAzərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində qəsəbə.

Zirə
40°21′49″ şm. e. 50°17′25″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Xəzər rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 12.000 (2013) nəfər
Zirə xəritədə
Zirə
Zirə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Zeytun Baglari

Zirə qəsəbəsi Bakı şəhərinin 45—46 kilometr şərqində, Abşeron yarımadasının Pirallahı adasına yaxın hissəsində yerləşir. Zirə qəsəbəsi üç tərəfdən, Cənub, Şərq və Şimaldan Xəzər dəniziylə əhatə edilmişdir. Dənizə ən yaxın hissəsi cənubda, Şah dili zolağı tərəfdədir. Tarix boyu Zirə kəndi Abşeronda ən böyük örüşü olan kənd olub. Kənd ötən əsrin əllinci illərindən etibarən qəsəbə statusu almışdır. Tarixən Zirənin torpaqları Qala və Türkan kəndləriylə həmsərhədd olmuşdur. Sovet hakimiyyətindən əvvəl nayihə mərkəzi Suraxanıda olduğu vaxt, Zirənin şimal tərəfinə, indi Port-Abşeron, əhali arasında isə sadəcə Port adlanan əraziyə yaxın torpaqlara suraxanılılar köçürülmüşdür. Onlar həmin ərazidə «Qışlaq» kəndini salıb məskunlaşmış, eyni zamanda «Xaşaxana» adlanan yaşayış məskənini də salmışlar.  XX əsrin əllinci illərində Zirə ətrafındakı Fermanın ərazisinə Şamaxının Cəbirli kəndinin əhalisinin bir qismi köçürülmüş və orada «Cəbirli» adlı kiçik bir kənd əmələ gəlmişdi.  Zirədən şimalda, Abşeron mayakına yaxın ərazidən Pirallahı ( o vaxtkı Artyom) adasına yol salınmasıyla əlaqədar həmin sahədə Damba adlı qəsəbə salınmış, adada neft hasilatının artmasıyla əlaqədar həmin qəsəbə də böyümüş, sonradan «Gürgan» qəsəbəsi adlandırılmışdır.  Zirə qəsəbəsinin əhalisi əvvəllər az olmuş, əhalinin bir hissəsi mütəmadi olaraq Pirallahı və Ciloy adalarında da yaşamışdır. Böyük Vətən müharibəsindən sonra Zirədə komunal xidmətlər sektoru yaradıldıqdan sonra adalara köçən əhali yenidən geri qayıtmışdır. Hal-hazırda Zirənin əhalisi Qışlaq və Cəbirli yaşayış məskənləriylə birlikdə 14 min nəfərə yaxındır. Qəsəbənin özündə isə 12 minə yaxın əhali yaşayır.  Zirə kəndinin adının haradan yaranmasıyla bağlı müxtəlif versiyalar vardır. Bəzi etnoqraflar burada tarix boyu Cirə (Zirə) bitkisinin yaxşı becərildiyinə görə, kəndə də Zirə deyildiyi fikrini irəli sürür. Bəzi alimlər isə, yüksəkliyin arzasında yerləşdiyinə görə bu kəndin adının farsca 《Zir》 (ərəb əlifbasında hərflərin aşağısına qoyulan və «i» səsini ifadə edən işarə) sözündən əmələ gəldiyini və «aşağı yer», «aşağıda olan yer» anlamını verdiyi fikrinin üstündə dayanır. Bundan başqa Zirə sözünün yenə ərəb mənşəli «Jəzirə» ( Ada) məfhumundan əmələ gəlməsi versiyası da mövcuddur. Xatırladaq ki, Abşeron yarımadası ətrafındakı adaların çoxu yaxın illərədək ərəb mənşəli Jəzirə sözüylə adlanırdılar. ( Nargin, Pesçannı, Bulla - Daş zirə, Böyük zirə, Xərə zirə və s.)  Bəzi alimlər isə Zirə toponiminin ərəbcə «Ziraət» (əkinçilik) sözündən də əmələ gələ bilməsi fikrini irəli sürmüşdür. Həqiqətən də Zirə kəndlinin örüşü çox geniş olub, kənd ətrafında əkinçiliyə yararlı torpaqlar çox olub. Kəndin yaxınlığındakı qədim insan məskənlərini nəzərə almasaq, Müasir Zirə kəndinin təxminən 350—400 il tarixi vardır. Bu məlumatı kəndin köhnə qəbristanlığındakı Pirin daşlarının üzərindəki yazılardan da oxumaq olar. Kəndin cənub-şərq tərəfində «Qubələ» adlı yaşayış məskəninin olduğu da alimlər tərəfindən təsdiqlənmişdir. Ötən əsrin əllinci illərində əhaliyə torpaq sahələri veriləndən sonra, aparılan tikintilər zamanı bu yaşayış məskəninin xarabalıqları və qəbristanlığı üzə çıxmışdır.  «Qubələ» yaşayış məskəninin tarixi isə eramızdan əvvəllərə qədər gedib çıxır. Qubələ ərazisindən tapılmış qədim xristian heykəli də bunu təsdiq edir.  Boynundan xaç asılmış və bərk daşdan yonulmuş bu qadın heykəli hal hazırda kəndin 241-saylı orta məktəbinin nəzdindəki Tarix Diyarşünaslıq mzeyində saxlanılır.  Bu tapıntı Qubələnin tarixini İslamdan əvvələ, miladın ilk yüzilliklərində Azərbaycan ərazisində Xristian Albaniyasının mövcud olduğu dövrlərə aparıb çıxarır.  XV əsrdən başlayaraq müxtəlif yerlərdən bu ərazidlərə köç başlamış, əhali Qubələnin şimal tərəfində məskunlaşmağa başlamış və beləliklə Zirə kəndi əmələ gəlmişdir. Zirənin şərq tərəfində quyular qazılmış, və çox təmiz şirin su çıxdığına görə burada Naxır bulağı əmələ gəlmişdir. Ötən əsrin ortalarına qədər əhali bu bulaqdan istifadə edirdi. Tarixən Zirə kəndində bir neçə nəsil məskunlaşmışdır ki, bunlar sonradan Qubələnin qədim əhalisi ilə qaynayıb qarışmışlar. Bu tayfalardan ən qədimləri Kərimlilər (onlara Kərimbabəndunlar da deyirlər) və Əbəslər, daha sonra məskunlaşanlar isə Məmmədkərim övladları, Zinglər və ya Zinganilər və Dağlılardır. (Bura həm Xızı, həm də Ləzgi dağlıları daxildir.) Bu tayfaların çoxu əvvəllər heyvandarlıq, və balıqçılıqla, son yüzillikdə isə əkinçiliklə məşğul olmuşlar.     Dağlıların Zirəyə köçməsi təxminən 300—350 il keçmişə təsadüf edir. Kəndə həmin zonadan Ən əvvəl Xızı dağlıları, Bərməkilər, daha sonra isə İsmayili dağlıları köçmüşlər. Ləzgi dağlılarının Zirəyə köçməsi tarixçəsi isə Dağıstanda Şeyx Şamil hərəkatıyla bağlıdır. XIX əsrin ortalarında Şeyx Şamilin qiyamı yatırıldıqdan sonra, onun dəstələrində vuruşan ləzgilər də, Çar reciminin təqiblərindən yaxa qurtarmaq üçün Zaqafqaziyanın müxtəlif bölgələrinə üz tutmuşlar və bu ləzgi tayfalarından biri də quberniyanın ucqar kəndlərindən olan Zirəyə sığınmışlar.  Zirəyə «Kərbəlayi Orucqulu nəsli» adlanan bir tayfa da Buzovna kəndindən gəlmişdi. Onlara kənd içində «Çaran» da deyirdilər. Adı çəkilənlərdən başqa Zirədə başqa nəsillər də vardır ki, onların da böyük hissəsi haqqında danışılan tayfalardan törəmədir.  Toponimlər Zirə ətrafındakı bir çox toponim adlar müasir dövrümüzə qədər qalmaqdadır. Bunlardan Varkən, Gürganı, Çalaxanı, Köhnə Qışlaq, Sibir üstü, Şaban, Tərgülə və s. misal göstərmək olar.  Varkən ( külək döyən yer) Zirə qəsəbəsinin cənub-şərqində yerləşən əraziyə deyilir. 60—70 il əvvələ qədər burada bağlar vardı. Bəzi alimlərin fikrincə, Varkən qədim dövrlərdə çox böyük bir qəsəbə olmuşdur. Məlumdur ki, Antik mənbələrdə Xəzər dənizinin bir adı da Varkan dənizi olub və dənizin sahillərində çox güclü, döyüşkən Varkan tayfalarının yaşadığı barədə məlumatlar da var. Mümkündür ki Zirə yaxınlığındakı Varkən ərazisində də islamdan əvvəlki dövrlərdə Varkan tayfalarının hansısa bir qolu məskunlaşmışdır.  Gürganı - Zirə kəndinin şərqində, Damba ilə Şah dili arasındakı sahil zolağı belə adlanır. Hal hazırda isə keçmiş Damba qəsəbəsinə Gürgan adı verilmişdir. Gürgan toponiminin iki açıqlaması var Türkcə mənası «Qoruq yer», farsca isə «Qurd, canavar» deməkdir. Məlumdur ki, Xəzər dənizinin cənub şərqində, Türküstan ərazisində Gürgan adlı böyük bir şəhər olmuşdur. Məşhur «Vis və Ramin» poemasının müəllifi Fəxrəddin Gürgani də bu şəhərdən çıxmışdır. Bəzi alimlərin fikrincə Abşeronun ən şərq hissəsində yerləşən Gürgan da qədimdə böyük bir liman şəhəri olmuşdur. Lakin bu yerdə böyük bir şəhərin olması fikri inandırıcı görünmür. Çünki Gürgan məntəqəsi dənizə çox yaxındır, cəmi bir metr qazdıqda yerdən su cıxır. Dənizin səviyyəsi azacıq qalxanda ərazi su altında qala bilər. Belə yerdə böyük şəhərin salınması mümkünsüzdür. Məncə, qədim dövrlərdə burada Xəzər boyu üzən ticarət gəmilərinə qulluq etməkçün, yüklərini boşaltmaqçün istifadə edilən kiçik bir liman məntəqəsinin olması versiyası daha ağlabatandır. Son dövrlərdə Gürgan ərazisində əncir bağları salınmışdı.  Çalaxana. Bu toponim Zirənin 2 km şərqindəki bağlıq sahəyə aid edilir.  Toponimin əvvəlindəki «çala» sözü, bu sahənin iki yüksəklik arasındakı çökəklikdə, şoranlıq sahələrin arasında yerləşməsiylə əlaqədardır.  Bəzi alimlərin fikrincə, Çalaxana ərazisində də qədim yaşayış məskəni olmuş, burada balıqçılıqla məşğul olan tayfalar yaşamışdır. Bu fikrin formalaşmasına səbəb, Çalaxana ərazisində aparılan qazıntılar zamanı torpağın altından qədim keramik əşayaların çoxsaylı qalıqlarının tapılması faktı olub. Sibir üstü — Bu toponim Zirə kəndinin cənub-qərbində, Şaban bağlarıyla həmsərhədd olan yüksəklikdəki əraziyə aid edilir. Bu ərazinin «Sibir üstü» adlandırılmasının da məxsusi səbəbi vardır. Zirə kəndi üç tərəfdən dənizlə əhatə olunduğuna görə həm Şmaldan, həm də cənubdan dənizdən əsən küləklər kəndin havasını təzələyir. Lakin məhz bu ərazidə atmosfer axınlarının və Xəzriylə Gilavarın kəsişməsi nəticəsində, həmişə rütubətli dəniz havası və kəndə nisbətən soyuq tempratur müşahidə olunur. Məhz buna görə də kənd əhalisi bu yerləri «Sibir üstü» adlandırıb.  Şaban — Bu toponim Zirə kəndinin cənub qərbində, dənizə yaxın əraziyə deyilir. Bu sahədə qədimdən bəri bağlar olmuşdur. «Şaban» toponimii isə buradakı bağlarda yüksək keyfiyyətli , çox şirin qara şanı (Şabranı) üzümünün yetişməsiylə əlaqədardır. Başqa sözlə desək, «Şaban» kəlməsi «Şabranı» sözünün təhrif olunmuş formasıdır.  Şaban bağlarında daha çox şəhərdən və ətraf qəsəbələrdən gələn əhalinin bağları olardı. Məşhur ədəbiyyatşünas, əslən sabunçulu Əli Fəhminin və tanınmış tarzən Bəhram Mənsurovun ata-babalarının bağları da burada olub, hər yay buraya köçüblər.  Bəzi qədim mənbələrə görə, orta əsrlərdə Şirvanşahların və Bakı xanlarının da bağları məhz bu ərazidə olubmuş.  Köhnə Qışlaq Zirənin şimal-şərqində, Gürgana yaxın ərazidə yerləşən Köhnə qışlaq ərazisi Zirəlilərin əsas bağ sahələri olmuşdur. Çox münbit, üzümçülük, bağçılıq üçün yararlı torpağı var..  On doqquzuncu əsrin sonunda bu sahələr Əliyar bəyə və onun qardaşlarına məxsus olub. Burada bağçılıq, bostançılıqla məşğul olmaq istəyən zirəlilər torpaq sahələrini onlardan icarəyə götürürmüş.  Sovet inqilabından sonra dövlətin əlinə keçən bu ərazilərin bir qismi Bağlar idarəsinin balansına keçirilərək əhaliyə paylanmış, bir hissəsi isə kolxoza verilmişdir. Bir zamanlar əkinçiliklə məşğul olan Bakı əhalisinin suya olan tələbatını ödəyən Samur-Abşeron kanalı da məhz bu bağların içindən keçərək dənizə tökülür. Zirə və onun ətrafındakı bağların havası başqa Abşeron bağlarına nisbətən daha təmiz, daha safdır. Bunun səbəbi, öz rütubətli havasıyla seçilən başqa sahilyanı kəndlərdən və bağlardan fərqli olaraq, Zirə ərazisinin dənizə çox da yaxın olmamasıdır. Kənd ilə dənizin arasında şoranlıqlar var. Məhz bu şoranlıq sahələr dənizdən gələn havanın rütubətini özünə çəkir, havanı təmizləyir, başqa sözlə desək, kəndlə dəniz arasında hava filtri rolunu oynayır. Bu baxımdan Zirənin havasının müalicəvi əhəmiyyəti də vardır.

Heydər Əliyev Fondunun dəstəyi ilə Zirə Mədəniyyət Mərkəzi tikilmiş və 2008-ci il 10 may tarixdə kənd sakinlərinin istifadəsinə verilmişdir.[1]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Bakı şəhərinin böyuk qəsəbələrindən biri olan Zirə qəsəbəsi Xəzər rayonu (keçmiş Əzizbəyov rayonu) ərazisinə daxildir. Xəzər dənizinin kənarında yerləşir.

1859—1864-cü ilə olan məlumata əsasən Bakı quberniyasının Bakı qəzasının Zirə kəndində 166 evdə 426 nəfəri kişilər, 398 nəfəri qadınlar olmaqla 824 nəfər şiə Azərbaycan tatarı yaşayırdı.[2]

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumatına əsasən Zirə qəsəbəsinin 11.5 min nəfər əhalisi vardır.[3]

Bir çox tanınmış şəxsiyyətlər, o cümlədən Mirzə Bala Məmmədzadə bu qəsəbənin sakini olub.

Qışlaq kəndi və Cəbirli kəndi də daxil olmaqla əhalisi 14 min nəfərdir. Yazıçı İlqar Fəhmi (ana tərəfdən Zirəli) , Kimya elmlər namizədi Səyyarə Sadıqova, Şərqsünas alim Xəlil Hüseynov, Neftçi Əbdülhəsən Babayev və s. Zirə kəndinin sakini olmuşlar.

  1. Zirə Mədəniyyət Mərkəzi.[ölü keçid] "Respublika" qəzeti. 23.08.2014  (az.)
  2. Списки населенных мест Российской Империи. По Кавказскому краю составленные и издаваемые Кавказским статистическим комитетом при Главном управлении Наместника Кавказского. LXV. Бакинская губерния. Списокь населенных мест по сведениямь 1859 по 1864 годь. Кавказскимь стататистическимь комитетомь при Главном управлении наместника кавказского. Составлен главным редактором Комитета Н. Зейдлицем. Тифлись. В Типографии главного управления наместника кавказского. 26 ноября 1870 г./Содержание: Спискок населённых мест Бакинской губернии. стр. 3[ölü keçid]
  3. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: 2.5. 2012-ci ilin əvvəlinə iqtisadi və inzibati rayonlar, eləcə də şəhər yaşayış məntəqələri üzrə əhalinin cins bölgüsündə sayı Arxivləşdirilib 2012-06-26 at the Wayback Machine (min nəfər)