Xəlvətiyyə
Xəlvətilik – İslamda ən geniş yayılmış sufi təriqətlərindən biri. X əsrdə Əbdülqahir Sührəverdidən etibarən təşəkülə başlamış xəlvətilik sufi məktəbinin əsası lənkəranlı İbrahim Gilani və şirvanlı Ömər Xəlvəti tərəfindən qoyulmuşdur.
Azərbaycanda təsəvvüf sahəsində yetişmiş görkəmli şəxsiyyətlərdən biri olan Seyid Yəhya Bakuvi və onun yenidən təsis etdiyi xəlvətilik XV əsrdən etibarən ədəbi, fəlsəfi, ictimai və siyasi sahələrdə böyük təsirə malik olmuş və müsəlman aləmində geniş şəkildə yayılmışdır.
Təsisçilərinin hamısı azərbaycanlı olan xəlvətiliyi S.Y.Bakuvi ətrafa mürşidlər göndərməklə məhəlli bir təriqət olma xarakterindən çıxarıb Şirvan xaricinə yaymışdır. Xəlvətilik hələ S.Yəhya həyatda olarkən Azərbaycanın hər tərəfinə (xüsusilə Şamaxı, Bakı və Təbrizə) ,İranda və Osmanlı dövlətində yayılmışdır. S.Yəhyanın vəfatından təqribən 40 il sonra isə xəlvətilik Azərbaycandan sonra Osmanlı imperiyası torpaqlarının hər tərəfində Balkan, Orta Asiya, Şimali Afrika, Qafqaz və Anadolunun ən böyük təriqəti kimi iyirmiyə yaxın qola, yüzlərlə təkyə və yüz minlələ müridə sahib olmuşdur. Daha sonralar qol və şöbələrinin sayı qırxı keçmişdir.
Seyid Yəhya Bakuvi və Xəlvətilik əsərinin müəllifi Mehmet Rıhtım əsərin girişində qeyd edir ki, "kiçik bir mövzudur deyə məqalə kimi düşünərək başladığımız bu araşdırma yeddi ilin sonunda bizi böyük bir ümmanın qarşısında olduğumuz həqiqəti ilə üzləşdirdi."
Əlidən başlayaraq Əbülqahir Sührəverdiyə, ondan İbrahim Gilaniyə və Ömər Xəlvətiyə doğru inkişaf etməklə gələn xəlvətilik təriqəti ən kamil şəklinə Seyid Yəhya Bakuvinin qoyduğu üsullar ilə qovuşmuşdur. Onun xəlvətiliyin həqiqi qurucusu olduğu bu sahənin tədqiqatçıları tərəfindən xüsusi qeyd olunmuşdur.
== Xəlvəti əqidəsi ==
Xəlvətilik təriqətinin xüsusiyyətlərini bu təriqətin mənsublarından Həririzadə Tibyan adlı əsərində aşağıdakı kimi açıqlamışdır: "Xəlvətilik təriqəti kəlimeyi-tövhid və gizli-açıq əsmayi-səba üzrə ziikrə davam etmək,yuxunun təbir və təvili, hadisələrin nəfsə və qəlbə təsirini nəzərə alaraq, könlü masivadan təmizləmə üzərində qurulmuşdur."
Xəlvətilik təriqətində bu mühüm xüsusiyyətlərdən başqa bir sıra digər özəlliklər də vardır.