XATİB
məscidlərdə xütbə oxuyan din xadimidir. Xütbədən əvvəl o, minbərin yanında durur və minbərə çıxdıqdan sonra isə üzünü insanlara çevirir. Bundan sonra müəzzin müsəlmanları ibadətə çağırmaq üçün azanı oxuyur. Xatib də insanlarla birlikdə azana qulaq asır, sonra ayaq üstə hər hansı bir məsələ üzrə iki hissədən ibarət olan xütbə oxuyur. Xütbənin birinci hissəsini oxuyandan sonra yerə oturur. Sonra yenidən qalxaraq ikinci hissəsinə davam edir. Xatib xütbəni uzatmamalı, bacardıqca tez oxuyub qurtarmalıdır. İbadətə toplanmış müsəlmanlara gəldikdə isə onlar xatibi diqqətlə dinləməlidirlər.
Xütbə zamanı danışmaq, səs salmaq olmaz. Bütün diqqət xatibə yönəlməlidir.
Xütbə oxunanda namaz qılmaq da məsləhət görülmür.