Öküz
Öküz — iş heyvanı kimi istifadə edilən buğa (burulmuş erkək inək).
== Ümumi məlumat ==
Kecmişdə minik-yük nəqliyyatı vasitəsi kimi iribuynuzlu heyvanlardan (kəl, öküz, zebu) da geniş istifadə edilmişdir. Hələ qədim zamanlardan iribuynuzlu mal-qara qoşqu qüvvəsi kimi əkinçilərin həyatında mühüm rol oynamışdır. Qafqazda və Ön Asiyada əsas iş heyvanı hesab edilən öküz və kəllər maldar tayfalar və əkincilər tərəfindən yuksək qiymətləndirilmiş və nəhayət, sitayiş obyektlərindən birinə cevrilmişdir.
Qədim Mingəçevirdən tapılan heyvan fiqurunun təsdiqi gostərir ki, e.ə. I minillikdə öküzlərdən yük heyvanı kimi istifadə etmişlər. Sonrakı dövrlərdə də, hətta XIX əsrin 30-40-cı illərinə qədər iribuynuzlu heyvanlardan yük və qoşqu qüvvəsi kimi istifadə edildiyini müxtəlif yazılı və etnoqrafik məlumatlar təsdiq edir. İribuynuzlu heyvanlardan yükdaşıma vasitəsi kimi köçmə maldarlıqla məşğul olan əhali daha cox istifadə edirdi. Xüsusilə arandan yaylağa doğru uzanan köç yollarında ev müxəlləfatı və barxana doldurulmuş fərməşləri iribuynuzlu heyvanlara yükləyir, qadın və uşaqları da onun üstünə mindirirdilər. İctmai, iqtisadi və siyasi vəziyyətlə əlaqdar iribuynuzlu heyvanlardan yük daşımaq məqsədilə təkcə kəndli təsərrüfatlarında deyil, hərbi hissələrdə də istifadə olunmuşdur.