ŞAZİLİLƏR
sufi təriqətlərindən birinin ardıcıllarıdırlar. Təriqətin adı Əbülhəsən Əli ibn Abdullah Şazili (593/1196 – 657/1258) ilə bağlıdır. Onun soyu Tunisdə yerləşən Şazil kəndindən olmuşdur. Həyatı boyu o, uzaq səfərlərə çıxaraq oralardan zəngin biliklər əldə etmişdir. O, zamanının tanınmış şeyxlərinin vasitəsi ilə sufizmlə tanış olmuş, sonra isə öz təriqətini təsis etmişdir.
Şeyx Əbülhəsən Şazili müridlərini hər zaman Allahı səssiz zikrlə anmağa çağırırdı.
O, inzivaya çəkilməyi, bəzi sufilərin ucadan oxuduqları zikrləri, eləcə də vəcd (ekstaz) halına düşmələrini bəyənmirdi. Şaziliyə görə müridlər möminliyini sözdə deyil, öz həyatlarında göstərməlidirlər.
Şazililər insanları şəriətin yol verdiyi hər şeydən yararlanmağa çağırmış, aşırı zahidliyə qarşı olmuşdurlar. Onlara görə Allahın daim zikr edilməsi və mənəvi həyatı onu gündəlik işlərindən yayındırmamalıdır.
Onlar üçün dünyəvi və mənəvi həyat birbirinin içində olmalıdır. Hər bir iş Allahı anmaqla, onun qarşısında savab qazanmaq istəyi ilə görülməlidir. Şazililərin başqalarından seçilmək üçün xüsusi geyimləri olmamışdır.
Allahdan qorxmaq, görülən işlərdə və sözlərdə peyğəmbərin göstərdiyi yola uymaq, xoşbəxtlikdə və çətinliklərdə yalnız Allaha sığınmaq, onun iradəsinə tabe olmaq və yalnız ondan yardım diləmək kimi müddəalar şazili təliminin əsasını təşkil edir.
Allaha yaxınlaşmaq yolunu şazililər “ayıq” (sahv) olaraq həyata keçirib, “sərxoşluqdan” (sukr) çəkinirlər. Bununla da, onlar Cüneyd Bağdadinin yolu ilə gedirdilər.
Şazililərin şeyxləri varislik deyil, seçki yolu ilə təyin olunur.
Əbülhəsənin vəfatından sonra şazililərə Abbas Mursi, ondan sonra isə əsərləri ilə şazililiyi Məğribdə tanıdan Təcəddin ibn Ətaulla İsgəndərani başçılıq etmişdir. Ancaq, zaman keçdikcə şazililər müxtəlif təriqətlərə parçalanmışdırlar. Onlardan bəziləri mənəvi təcrübələrində vəcddən istifadə edirlər. Bir çox Afrika bölgələrində onların təlimi yerli əhalinin adətləri ilə qarışmışdır. Buna görə də, onları bəzi müsəlman ənənə tərəfdarları tənqid etmişdirlər.
Şazililər Afrikanın bir çox xalqlarını müsəlmanlaşdırmışdırlar. Onlar həmçinin Avropa müstəmləkəçiliyinə qarşı mübarizə aparmışdırlar. Şazililik daha çox Misir, Şimali və Mərkəzi Afrika ölkələrində yayılmışdır.