ƏNSARLAR

Ənsarlar Mədinənin Evs və Xəzrəc adlanan iki başlıca qəbilələrini təşkil edirdi. Bu iki bir-birinə qohum olan qəbilə öncə Yəməndə yaşamış, sonra isə Yəsribə (Mədinəyə) köçmüşdürlər. Ancaq burada onların arasında uzun sürən bir qarşıdurma başlamış, bu hadisə isə Buas döyüşü adlanan qanlı bir toqquşmaya gətirib çıxarmışdır. Bu döyüşü evslilər qazansalar da, onlar bundan faydalana bilməmişdirlər. Hər iki qəbilə gücdən düşmüşdür. Məğlub olan Xəzrəclilər qüreyşlilərdən dəstək almaq üçün Məkkəyə öz elçilərini göndərmişdirlər. Məhəmmədin peyğəmbərliyinin 11-ci ilində onlar Məkkəyə gəlib onunla görüşərək İslamı qəbul etmişdirlər. Onlar yalnız bu dinin vasitəsi ilə Yəsribdəki ərəb qəbilələrinin arasındakı müharibələrə son qoya biləcəklərini anlamışdırlar. Geri qayıtdıqdan sonra onlar evsiləri də İslamı qəbul etməyə dəvət etmişdirlər. Sonra, Evs və Xəzrəc qəbilələrinın təmsilçiləri Məhəmməd peyğəmbərlə Əqəbədə birinci və ikinci beyət zamanı görüşdülər. Onlar peyğəmbəri qoruyacaqlarına, bütün məkkəli müsəlmanları qəbul edəcəklərinə söz vermişdirlər. Bundan sonra məkkəli müsəlmanların Mədinəyə hicrəti başladı. Xəzrəclilər və evslilər onları sevgi ilə qarşılayıb, sığınacaq verdilər. Beləliklə də, onlar peyğəmbərin ənsarları (yardımçıları) adını almış oldular. Peyğəmbərin buyurduğu kimi ənsarlar mühacirlərlə qardaşlaşaraq evlərində onlara yaşamaq üçün yer, eləcə də mallarından pay verdilər. Quranda (59: 9) da bu hadisə anılmışdır. Beləliklə, ənsarlar və mühacirlərin qardaşlığı Mədinədə müsəlman icmasının yaranmasına gətirib çıxarmışdır. Bundan sonra məkkəli bütpərəstlərlə savaş başlamışdır. Bədr döyüşündən başlayaraq peyğəmbərin vəfatına qədər, ənsarlar mühacirlərlə çiyin-çiyinə düşmənlərə qarşı həyatlarını qurban verməyə hazır olaraq İslam uğrunda döyüşmüşdürlər. O dövrlərdə Məhəmməd peyğəmbərin başçılıq etdiyi müsəlman icmasının güclənməsində onların böyük rolu olmuşdur. Peyğəmbər də ənsarları çox sevmiş, hər zaman onlara öz razılığını bildirirdi. Məkkə fəth olunduqdan sonra peyğəmbər orada qalmayıb yenə də Mədinəyə ənsarların yanına qayıtmışdır. Məhəmməd peyğəmbər vəfat etdikdən sonra müsəlman cəmiyyətinin gələcəyini düşünən ənsarlar tezliklə bir yerə toplaşaraq Səd ibn Übədəni xəlifə seçmişdirlər. Ancaq sonda, özlərini oraya yetirmiş mühacirlərin dedikləri ilə razılaşaraq Əbu Bəkri xəlifə kimi tanımışdırlar. Bundan sonra ənsarlar Xilafətin siyasi-ictimai həyatında böyük rol oynayırdılar. Onlar riddət (II) hadisələrində vuruşmuş, Bizans və İran imperatorluqlarına qarşı döyüşlərə qatılmışdırlar. Ənsarlar Məhəmməd peyğəmbərin çoxsaylı hədislərinin də ötürücüləri olmuşdurlar. Onların aralarından İslam elmləri və metodologiyasının əsaslarını qurmuş bir-çox alimlər yetişmişdir. Sonrakı illərdə ənsarlar İslam ənənəsinin qoruyucuları kimi böyük işlər görmüşdürlər. Quranın (9: 100, 9: 117) ayələrində onların fəzilətləri qeyd edilmişdir. Ənsarların İslam tarixindəki xidmətləri haqqında müxtəlif hədis kitablarında rəvayətlər mövcuddur.
ƏNSARLAR
ƏRAF

Значение слова в других словарях