ƏŞƏRİLƏR

ən çox yayılmış etiqadi məzhəblərdən birinin davamçılarıdırlar. Bu məzhəbin adı görkəmli müsəlman mütəfəkkiri Əbu Həsən Əşəri ilə bağlıdır. O, böyük müsəlman kəlamçısı Əbu Mənsur Maturidi (260/873 – 330/985) ilə eyni dövrdə yaşamışdır. Əbu Həsən Əşəri o zamanlar İslam dünyasının ictimai, hüquqi və fəlsəfi mərkəzlərindən biri olmuş Bəsrədə yaşayıbyaratmışdır. O dövrdə burada müxtəlif məzhəblərin davamçıları arasında ideoloji polemikalar gedirdi. O, uzun müddət mütəzili kəlamçısı kimi tanınmışdır. Sonra öz baxışlarını dəyişərək, mütəzililikdən ayrılıb ənənəvi İslam kəlamının (I) əsaslarını qoyan ilk mütəfəkkirlərdən olmuşdur. O dövrdə İslam əqidəsinə fəlsəfi baxımdan yanaşma və dini müddəaların sistemləşməsi zərurəti yaranmışdır. Bu da ilk öncə Quran və hədislərdə müxtəlif məsələlərlə bağlı tənqidlərə tutarlı məntiqi cavabların verilməsi zərurətindən irəli gəlmişdir. Dini problemlərin kəlam baxımından həll olunması, onların düşüncə baxımından sistemləşdirilməsi olmadan çoxsaylı tənqidçilərlə uğurlu polemikalar aparmaq olmurdu. O dövrdə Quran və hədislərin ənənəvi təfsir metodları müxtəlif dini-fəlsəfi məzhəblərin davamçılarının dəlillərinin qarşısında davam gətirmirdi. Fəlsəfə və kəlam metodlarının yaxşı bilicisi olan Əbu Həsən Əşəri ənənəvi İslam düşüncəsini mənimsədikdən sonra fəlsəfi metodları kəlam elmində istifadə etməyə başlamışdır. Bu metodlardan faydalanan ənənə tərəfdarları olan mütəfəkkirlər sonralar bir çox məsələlərə aydınlıq gətirmiş, etiqadla bağlı problemləri sistemləşdirilmiş, tənqidçilərə qarşı uğurlu polemikalar apara bilmişdirlər. Beləliklə Əşəri Allahın endirdiklərini düşüncənin dəlilləri ilə uyğunlaşdırması problemini çözməyə çalışmışdır. Burada Əşəri ilk olaraq inancla düşüncənin dəlilləri arasındakı əlaqələri araşdırmışdır. Bu iki kateqoriyalar arasındakı bütün ziddiyyətlər aradan qaldırılmalı idi. Buna nail olmaq üçün müsəlman çoxluğunun inancına uyğun olan fundamental və sistemli dünyagörüşü ortaya çıxarılmalı idi. Əşəri vəhyi əqli dəlillərlə isbatlamağa çalışırdı. Ancaq, onun düşüncəsinə görə dinin təməlləri şərtsiz olaraq qəbul edilməli, yalnız bundan sonra onların məntiqi düşüncə ilə anlaşılması problemi ortaya qoyulmalı idi. Başqa sözlə o, dinin əsaslarının isbatlanmasında əqli dəlillərinin əhəmiyyətini tanısa da, Allahın nazil etdiyi vəhyin qəbul edilməsinin vacibliyini vurğulayırdı. Beləliklə də, əşərilikdə əqli dəlillər inanca tabe edilir və yalnız bundan sonra o istifadə oluna bilər. Əşərilərin Allahın sifətləri barəsində baxışı daha çox maturidilərin düşüncələrinə bənzərdir. Əşərilər Allahın sifətlərini üç hissəyə bölürlər: 1. Yaradılmış varlığın deyil, yalnız Allaha məxsus olan sifətlər (Sifətüs-Səlbiyə). Onlar altıya bölünür: Birlik (Vəhdəniyyət), Varlıq (Qidəm), Əbədilik (Bəqa), Bənzərsizlik (Müxalifətül-Həvadis), Ehtiyacsızlıq (Qiyam Binəfsihi), Varlıq (Vücud); 2. İsbatlayıcı sifətlər (Sifətüs-Sübutiyyə). Onlar yeddiyə bölünür: Dirilik (Həyat), Bilmək (Elm), Eşitmək (Səmi), Görmək (Bəsar), İstək (İradə), Güc (Qüdrət), Söyləmək (Kəlam); 3. Allaha məxsus olan sifətlər (SifətülƏsma). Onlar da yeddiyə bölünür: Diri (Həyy), Hər şeyi bilən (Alim), İradəli (Mürid), Qadir; Eşidən (Səmi), Görən (Bəsir), Danışan (Mütəkəllim). Əşəri bütün yaradıcılığında Quran, eləcə də hədislərə istinad etmişdir. Peyğəmbərin səhabələrindən, onların da davamçıları olmuş sonrakı nəsillərdən nəql edilmiş, onun dövrünə qədər gəlib çatmış ənənəvi İslam dünyagörüşünü dəstəkləmişdir. O, hədislərin bir və ya bir neçə ravidən rəvayət edilməsi məsələsinə varmamışdır. Əşərilər səhabələrin hamısını tanıyır və hörmətlə yanaşırlar. Onlar ilk dörd Raşidi xəlifənin dövrünü qəbul edirlər. Kəramətlə bağlı məsələlərdə əşərilər onları Allahın ayrı-ayrı imanlı insanlara verdiyi mənəvi durum kimi dəyərləndirirlər. Ancaq, onlara görə kəramət Allahın peyğəmbərlərinə verdiyi möcüzədən fərqli anlayışdır. Allahın sifətləri məsələsində Əbu Həsən Əşərinin baxışları mücəssimilərdən və mütəzililərdən fərqlənirdi. Quranda sözü keçən Allahın üzü, əlləri və bu kimi başqa anlayışlarına gəldikdə Əşəri mütəzililərdən fərqli olaraq onların var olduğunu qəbul etmişdir. Eyniliklə o, bu məsələ üzrə Tanrını insana bənzədən mücəssimələrin baxışları ilə də razılaşmamışdır. Əşəri Quranda olan Allahın üzü, əlləri ilə başqa bu kimi anlayışları məcaz kimi qəbul edirdi. Xüsusən də o, “Lümə” əsərində mütəzililər kimi “Allahın əli” anlayışını Tanrı gücünün göstəricisi kimi anlamışdır. Alın yazısı və insanın iradə azadlığı problemində Əşəri mütləq alın yazısı və mütləq iradə azadlığını qəbul edənlər (qədərilərin və cəbrilərin) arasında olan orta yolu tutmuşdur. Onun təlimində hər bir insan etdiklərinə görə cavab verəcək. Ancaq, Tanrının alın yazısı da vardır, çünki belə olmasa Allahın hər şeyi yaratması, bilməsi və güclü olması kimi özəllikləri sual altına qoyulmuş olur. Buna görə də, Əşəri insanın davranışının Allahdan gəldiyi fikrini irəli sürmüşdür. İnsan isə bunu öz iradəsi ilə davranışına uyğun olaraq mənimsəyir (“kəsb” edir). “Kəsb” insanın Allahın istəyi ilə özünün düşünülmüş hərəkətlərinin birləşməsidir. Əşərilərə görə insanın Allahın yaratdığı kəsbə təsiri yoxdur. Bu məsələdə onların baxışları maturidilərdən fərqlənir. Buna görə də, əşəriliyin tənqidçiləri onun cəbriliyə yaxın olmasını iddia edirlər. Maturidi isə əşərilikdəki “kəsbi” tanısa da, onun insandan irəli gəldiyini iddia etdiyinə görə qədərilərə daha yaxın olmuşdur. Quranın “O gün neçə-neçə üzlər sevinib güləcək, öz Rəbbinə baxacaqdır!” (75: 22- 23) ayəsinə münasibətini bildirən Əşəri, Allahı görməyin mümkünlüyünü danmamışdır, ancaq onu yalnız cənnətdəki möminlər tərəfindən görəcəyini iddia edirdi. Bununla belə, o deyirdi ki, Allahı görmənin özəlliklərini, onun necə baş verəcəyini insan düşüncəsi ilə anlamaq mümkün deyildir. Mütəzililər isə ondan fərqli olaraq Qurandakı bu ayənin mənasının məcazi olduğunu iddia edirdilər. Onlara görə, Allahın görünməsi üçün məkana ehtiyac vardır. Tanrı isə hər bir yerdən daha ucadır. Mütəzililər və əşərilərdən fərqlənən mücəssimilər isə möminlərin Allahı cənnətdə müəyyən bir görkəmdə görəcəyini iddia edirdilər. Mütəzililərdən fərqli olaraq əşərilər və maturidilər Quranı sonsuz, eləcə də yaradılmamış Allahın kəlamı (II) hesab edirlər. Ancaq, üzərində yazısı olan səhifələri, eləcə də hərfləri yaradılmış olduğunu iddia edirlər. Böyük günahlar məsələsinə gəldikdə mütəzililər Allah qarşısında etdiyi günaha görə üzülərək tövbə etməyən günahkarın mütləq cəhənnəmə atılacağını düşünürlər. Bu suala ifrat tərəfdən yanaşan xaricilər günah etmiş müsəlmanı dinsiz hesab edirlər. Mürciilər isə məsələyə başqa bir tərəfdən yanaşmışdırlar. Onlara görə insan inanclıdırsa nə qədər çox günahları olsa belə bağışlanacaqdır. Əşərilər isə bu ifrat yanaşma arasında orta yol tutaraq günah etmiş insanın Allahın istəyindən asılı olduğunu qəbul etmişdirlər. Allah istəyindən asılı olaraq onu cəzalandıra və ya bağışlaya bilər. Ancaq sonda günahkar müsəlmanları Allah cəzalandırsa belə, onları bağışlayıb cənnətə müjdələyəcəkdir. Əşəri ölümdən sonra insanın qəbir əzabı çəkəcəyi haqqında rəvayətləri qəbul edirdi. Müsəlmanların çoxu insanın ölümündən sonra məzarda bu dünyada etdiklərinin ilkin hesabatının veriləcəyinin başlanacağına inanırlar. Əşərilər bu baxımdan qəbir əzabını qəbul etməyən mütəzililəri kəskin tənqid etmişdirlər. Müxtəlif müsəlman qrupları arasındakı çəkişmələr şəfaət problemi üzrə də aparılmışdır. Hədislərə görə qiyamət günü Allah Məhəmməd peyğəmbər başda olmaqla bütün elçilərə günahkar müsəlmanlar üçün şəfaətçi olmaq vəzifəsini verəcəkdir. Bunun sonunda günahkar müsəlmanlar cəhənnəm əzabından qurtulub, cənnətə girəcəklər (Quran, 20: 109). Ancaq, mütəzililər şəfaəti inkar etmişdirlər. Şiələr isə təkcə peyğəmbərin deyil, müqəddəs və günahsız saydıqları Məhəmməd peyğəmbərin soyundan olmuş imamların da şəfaətçi olacaqlarına inanırlar. Əşəri isə şəfaətçi kimi yalnız Məhəmməd peyğəmbərin olduğunu iddia edirdi. Əbu Həsən Əşərinin dini dünyagörüşü imkan verirdi ki o, bütün dini və fəlsəfi dünyagörüşünə mənsub insanlarla polemikalar aparsın. Buna görə də onun təlimi çox sayda müsəlmanların arasında bəyənilərək yayılmışdır. Buna görə də, Əşərini ənənəvi İslam düşüncəsinə sahib müsəlmanların öndəri (imamı) adlandırırdılar. Sonralar onun metodlarını davamçıları inkişaf etdirmişdirlər. Onların arasında tanınan mütəfəkkir Məhəmməd Bakillani (403/1013-cü ildə vəfat etmişdir) də olmuşdur. Sonralar əşəriliyi sələfilər də tənqid etmişdirlər. Əşəriliyin başqa bir tanınan tənqidçisi İbn Həzm olmuşdur. Onun fikrincə əşərilər cəbrilər (alın yazısı ilə istək üzrə) və mürciilərin (böyük günahlar işlətmişlər üzrə) dediklərini təkrarlamışdırlar. Ancaq, bütün bu tənqidlərə baxmayaraq Əbu Həsən Əşərinin təlimi İslam dünyasında geniş yayılmışdır.
ƏŞƏRİ ƏBÜLHƏSƏN
ƏŞƏRİLƏR ƏŞHURÜL-HURUM
OBASTAN VİKİ
Əşərilər
Əşərilik - İslamda etiqadi məzhəblərindən biri. Məzhəbin banisi Əbül-Həsən Əşari (873-936) İslam ictimai, hüquqi və fəlsəfi fikir tarixinin görkəmli nümayəndələrindən biri olmuşdur. Bəsrədə yaşayıb-yaratmış, Bağdadda isə vəfat etmişdir. Əşarinin kəlam elmindəki yolu ilk sxolastiklər (kəlamçılar) - mötəzililərin məktəbindən başlamışdır. O, qırx yaşınadək Mötəzilə kəlamçısı Əbu Əli əl-Cubbainin tələbəsi olmuş və bu məzhəbin nümayəndəsi kimi tanınmışdır. Sonralar Mötəzilikdən ayrılıb, Əhməd ibn Hənbəlin yolunu tutan "Əhli-hədis" zümrəsinə qatılmışdır. Əşari, Əhli-hədis və Əhli-sünnətə müxalif olanlarla güclü elmi mübahisə aparmışdır. Dini-nəzəri baxışları qısa zamanda İraq, Suriya, Misir, və Məğribdə geniş yayılmışdır. Əşari ancaq Quran, sünnə və Həzrət Peyğəmbərin səhabələrindən, onların ardıcılları olmuş sonrakı nəsillərdən (tabiyunlardan) dövrünədək gəlib çatmış ənənəvi dünyagörüşü dəstəkləmişdir. O, Həzrət Peyğəmbərdən nəql olunan bütün hədisləri qəbul edərək, onların bir (əhəd), yaxud çox (mütəvatir) adamlar tərəfindən rəvayət edilməsinə fərq qoymurdu.