Xəmsə əlyazması (М—156)
Xəmsə əlyazması М-156 — farsdilli epik ədəbiyyatın klassiklərindən biri olan Nizami Gəncəvinin poemalarının toplandığı tarixi əlyazma. Əlyazma Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanılır.
== Xüsusiyyətləri ==
Əlyazmasında "Xəmsə" poemalarından ikisinin ardıcıllığı pozulmuşdur. Belə ki, "Sirlər xəzinəsi"ndən (1b — 26b) sonra "Leyli və Məcnun" (128b — 77a), daha sonra isə "Xosrov və Şirin" (78b — 118a) gəlir.
Əlyazmasında dördüncü poema olan "Yeddi gözəl", digər poemalardan daha əvvəl — XVI əsrin I yarısında yazılmışdır. Həmin poemanın mətni incə əl işi olan və qızıl suyu, açıq mavi və qara boyalarla işlənmiş nəbati naxışlarla bəzədilmiş ünvan səhifəsi ilə başlayır. Poemanın mətni noxud rəngli yüksək keyfiyyətli şərq kağızı üzərində dörd sütun şəklində kalliqrafik nəstəliq ilə yazılmış, səhifənin kənarı isə qızılı və mavi rəngli xətlərlə çərçivələnmiş, qızılı və qara çərçivələrə alınmışdır. Sütunlar iki incə qızılı xəttlə bir-birindən ayrılmışdır. Çərçivələr arasındakı boşluqlar qızıl suyu ilə çəkilmiş nəbati naxışlarla doldurulmuşdur. Səhifələrin bəzədilməsində də eyni formada, qızıl suyu ilə çəkilmiş nəbati naxışlardan istifadə olunmuşdur.