Axırıncı aşırım (film, 1971)
Axırıncı aşırım filmi rejissor Kamil Rüstəmbəyov tərəfindən 1971-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinoromanda hadisələr Azərbaycanın dağ kəndlərinin birində sovet hakimiyyəti qurulduğu ilk illərdə baş verir. Filmdə əsas rolları Həsən Məmmədov, Adil İsgəndərov, Məlik Dadaşov,Hamlet Xanızadə, Həsənağa Turabov, Şəmsi Bədəlbəyli, Tamilla Rüstəmova, Şahmar Ələkbərov, Əbdül Mahmudov və Sadıq Hüseynov ifa edirlər. 1972-ci ildə Tbilisidə V Ümumittifaq kinofestivalında aktyor Adil İsgəndərova "ən yaxşı kişi obrazı"na görə II mükafat, aktyor Həsən Məmmədova "ən yaxşı kişi rolu"na görə mükafat verilmişdir.
== Məzmun ==
Kino əsərindəki dramatik hadisələr Azərbaycanın dağ kəndlərinin birində sovet hakimiyyəti qurulduğu ilk illərdə baş verir.Kənddə Raykom katibinin (Şəmsi Bədəlbəyli) apardığı yığıncaqda kolxoz quruluşunun yaxşı-yaman cəhətlərinin müzakirəsi fərqli personajların baxış bucağının müxtəlifliyi, müddəaların tutarlılığı, mətnin dolğunluğu ilə həyata keçirməklə informasiya gerçəkliyini artırır. Əlindən alınan taxılın şəhərdəki aclara göndərilməsinə etiraz edən Kərbəlayı İsmayılın (Adil İsgəndərov) yeni kolxozun sədri İmanla (Şahmar Ələkbərov) qarşıdurması vizual hadisələrin bolluğu ilə yadda qalır. Qəmlonun gecə evinin pəncərəsindən güllə ilə nişan aldığı İmanın arvadı Növrəstənin (Tamilla Rüstəmova) gözəlliyinə vurulması və sağ qalan sədrin səhər yenidən Kərbəlayı İsmayılın həyətindəki taxılın ardınca gəlməsi tutarlı maneə kimi yadda qalır. Folklor elementləri ilə zəngin kənd toyundakı qanlı döyüş səhnəsində Qəmlonun xatırlayaraq axtardığı İmanın arvadının qaçaraq aradan çıxması karnaval estetikası yaradır.Adamları ilə Qarabağlara çəkilən Kərbəlayı İsmayıla qarşı silahlı dəstənin deyil, Abbasqulu bəy Şadlinskinin başçılığı ilə Xəlil (Həsənağa Turabov) və Talıbovla (Hamlet Xanızadə) birgə üç nəfərlik silahsız heyətin danışığa göndərilməsi hadisələri psixoloji müstəviyə gətirir.Abbasqulu bəygilin gəlişinə sərt reaksiya verən Qəmlonun müqabilində milli mentaliteti önə çəkən Kərbəlayi İsmayılın qonaqların üzünə çıxmadığını təmkinlə izahı əksliklərin ziddiyyətini yaratmaqla epizodu dolğunlaşdırır.Abbasqulu bəyin gəlişindən sonra Kərbəlayi İsmayılı gözləyən məclisə çökən sakitlik psixoloji gərginliyi artırmaqla fabulanı zinətləndirir. Axır ki, Kərbəlayı İsmayılın əvəzinə üzə çıxan oğlu Vəlinin (Elxan Qasımov) gəlişindən sonra Abbasqulu bəyin əlini süfrəyə uzatması ilə başlanan söhbətdə kolxoz quruluşu haqqında müzakirəsi yeni mətn çalarları ilə davam etməsi təkrarçılıq yaratsa da, gözönü hadisəni uzada bilir.