Əhliman Əmiraslanov
Əhliman Tapdıq oğlu Əmiraslanov (17 noyabr 1947, Zod, Basarkeçər rayonu) — Azərbaycan alimi, ictimai-siyasi xadim, cərrah–onkoloq, tibb elmləri doktoru (1984), professor (1989), Azərbaycan Milli Elmlər Akademiyasının (2001) və Polşa Tibb Elmləri Akademiyasının (1998) həqiqi üzvü, Rusiya Elmlər Akademiyasının xarici üzvü (2001), AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik–katibi (2007–indi), SSRİ Dövlət Mükafatı (1986), Azərbaycan Respublikasının "Şöhrət" ordeni (2000) və Azərbaycan Respublikasının "Şərəf" ordeni (2017), 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni (2022) laureatı, Azərbaycan Respublikasının əməkdar elm xadimi (1991), Azərbaycan SSR Ali Sovetinin (1990) və Azərbaycan Respublikası Milli Məclisinin IV (2010), V çağırış (2015) və VI çağırış (2020) deputatı, Azərbaycan Tibb Universitetinin rektoru (1992–2015), ATU Onkologiya kafedrasının müdiri (1993–indi) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü (18 iyul 2014–indi), Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə komitəsinin sədri (2015 — indi), Yeni Azərbaycan Partiyasının üzvü.
== Həyatı ==
Əhliman Əmiraslanov 1947-ci il noyabrın 17-də Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Zod kəndində ziyalı ailəsində anadan olub. 1965-ci ildə Zod kənd orta məktəbini qızıl medalla bitirərək elə həmin ildə də N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə–profilaktika fakültəsinə daxil olub. 1969-cu ildə hələ tələbəykən, Bakı şəhər kliniki onkologiya xəstəxanasında tibb qardaşı vəzifəsində əmək fəaliyyətinə başlayıb.
1971-ci ildə institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra, 1971–1974-cü illərdə Bakı şəhər kliniki onkologiya xəstəxanasının cərrahiyyə şöbəsində həkim-ordinator və şöbənin müdiri vəzifələrində çalışıb. 1974–1977-ci illərdə SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzinin aspirantı olub.
1977-ci ildən Moskvada (aspiranturanı bitirdikdən sonra) SSRİ TEA-nın ÜOEM-nin Ümumi onkologiya şöbəsində kiçik elmi işçi, 1981-ci ildən həmin şöbədə baş elmi işçi, 1984-cü ildən böyük elmi işçi vəzifələrində çalışıb.
1987-ci il iyun ayının 18-də ÜOEM-in ümumi onkologiya şöbəsində aparıcı elmi işçi vəzifəsinə təsdiq edilmiş, 1989-cu ildə həmin şöbədə professor vəzifəsinə seçilmiş və 1992-ci il iyulun 31-nə qədər həmin vəzifədə çalışmışdır.
1992-ci ildən 24 noyabr 2015-ci ilədək Azərbaycan Tibb Universitetinin rektoru vəzifəsində çalışıb. Yeni Azərbaycan Partiyasının üzvüdür.