Ayətullah Kazım Şəriətmədari
Seyid Məhəmməd Kazım Şəriətmədari (az-əbcəd. سید محمد کاظیم شریتمداری; fars. محمد کاظم شریعتمداری), həmçinin Şəriət-Madari (6 yanvar 1906, Təbriz – 3 aprel 1986, Tehran) — İranın böyük ayətullahı. Əslən İran azərbaycanlılarındandır. O, din xadimlərinin hökumət vəzifələrindən uzaq tutulması kimi ənənəvi şiə praktikasının tərəfdarı idi və ABŞ-ın Tehrandakı səfirliyində diplomatların girov götürülməsini pisləyən Ali Rəhbər Ruhullah Xomeynini tənqid edirdi.
1906-cı ildə Təbrizdə azərbaycanlı (türk) ailəsində anadan olan Şəriətmədari İran və İraqda on ikilik şiələrinin ən yüksək səviyyəli ruhanilərindən biri olub, uzaqgörənliyi və liberal baxışları ilə tanınıb. 1961-ci ildə Ali və Böyük Ayətullah Bürücirdinin (Mərcə' Mutlaq) vəfatından sonra İran, Pakistan, Hindistan, Livan, Küveyt və Fars körfəzinin cənubundakı dövlətlərdə ardıcılları ilə aparıcı mərcələrdən birinə çevrilib.
1963-cü ildə o, şahın Ayətullah Xomeynini Böyük Ayətullah kimi tanıyaraq onu edam etməsinə mane oldu, çünki İran konstitusiyasına görə bir Mərcə edam edilə bilməzdi. Bunun əvəzinə Xomeyni sürgün edildi. Aparıcı müctəhid kimi o, Xomeyninin gəlişinə qədər Qum seminariyasının rəhbəri idi.