Əli Şəriəti
Əli Şəriəti (fars. علی شریعتی; 23 noyabr 1933, Mazinan[d], Rəzəvi Xorasan ostanı – 19 iyun 1977, Sauthempton, Hempşir qraflığı[d]) — İranlı ilahiyyatçı, sosioloq, tarixçi. İran İslam İnqilabının əsas ideoloqlarından biri.
Əli Şəriəti Məzinani 23 noyabr 1933-cü ildə İranın Xorasan əyalətinin Səbzivar bölgəsinin Məzinan çölünün Kahək qəsəbəsində, dindar ailədə dünyaya gəlmişdir.
Əli Şəriəti hələ kiçik olarkən ailəsi Məşhədə köçmüş və o, 7 yaşında Məşhəd şəhərində orta məktəbə getmişdir. 16 yaşında orta məktəbi bitirən Əli pedaqoji məktəbə daxil olur. Oranı bitirdikdən sonra bir neçə il orta məktəbdə müəllimlik edir, eyni zamanda 1956-cı ildə Məşhəddə yeni açılan Ədəbiyyat İnstitutuna daxil olur və oranı bakalavr diplomu ilə bitirir. O, institutda oxuyarkən Tələbələrin Ədəbi Məclisinə sədrlik edirdi.
1960-cı ildə təhsilini davam etdirmək üçün dövlət büdcəsi ilə Avropaya, öz seçimi ilə Fransaya, Parisin Sarbonna Universitetinə göndərilir. Əli Şəriəti beş il Sarbonna Universitetində "Tarix" fakültəsində "Ədəbiyyat və dinlər" ixtisası üzrə oxuyaraq doktorluq dərəcəsi almışdır.