Art terapiya
Art terapiya — Art terapiya və ya sənət terapiyası musiqi, rəsm, hərəkət-rəqs, ədəbiyyat kimi sənət növləriylə həyata keçirilən terapiya növüdür. Art terapiyanın əsas məqsədi fərdin özünü rahat və azad şəkildə ifadə etməsini, içində həbs olunmuş duyğularını üzə çıxarmasını, yaradıcılığını daha da artırıb, estetik yönlərinin ortaya çıxarmasını təmin etməkdir. Diqqətlə baxıldığında təsviri sənət ilə psixoterapiya arasında bir bənzərlik vardır əslində. Hər ikisi də daxilə atılmış hisslərin, yaşantıların və ya gerçək dünyadakı xəyal qırıqlıqlarının, qorxuların, insanlararası münasibətlərin kəşf edilərək ortaya çıxarılması və yenidən şəkilləndirilməsi prosesidir. Art terapiya sözün bitdiyi, yetərsiz qaldığı yerdə başlayır, insanları fərqli yöndən dəyişdirir, öz imkanlarının fərqinə vardırıb, sağaldır.
İlk dəfə 1950-ci illərdə ortaya çıxan bu üsul son zamanlar dünyada getdikcə yayılmaqdadır. Təsviri sənətin bir terapiya kimi ortaya çıxmasının hekayəsi olduqca maraqlıdır. Amerikalı psixoloqlar çox qədim zamanlarda insanların mağaralarda daşlar, qayalar üzərində çəkdikləri rəsmləri analiz etmişlər. Psixoloqların diqqətini çəkən şey hələ sözün bir ünsiyyət vasitəsi kimi istifadə olunmadığı vaxtlarda, bu insanların müxtəlif qətliamları, köçləri, günlük hadisələri rəssamlıq yolu ilə ifadə etmələri olmuşdur. Baharın gəlişini niyə bayram etdikləri, niyə daima rituallar həyata keçidikləri, niyə hər bir ayinə xas müxtəlif rəqslərin olduğu da onların geniş müzakirə və tədqiqat hədəfinə çevrilmişdir.