Ahalsıx
Axalsıx və ya Axaltsixe (gürc. ახალციხე; türk. Ahıska) — Gürcüstanda şəhər.
== Haqqında ==
Ak Saka adı Dədə Qorqud dastanlarında bəhs olunan qədim yer adlarındandır: Məgər Başı Açuq Tatyan qələsindən, Aq Səqa qələsindən kafərin casusu vardı… Daha sonrakı tarix səhifələrində ondan X–XI əsrlərə aid qala kimi bəhs olunur. Bir də yeri gəlmişkən qeyd edək ki, mətndə adı çəkilən "Başı Açuq" indiki Kutaisi ərazisinin Şərq mənbələrində rast gəlinən adıdır. Budur, XI yüzillikdə Ak Saka-Cıldır mahalı Böyük Səlcuqlu dövlətinin tərkibindədir. 13-cü əsrdə isə Cənub-Qərbi Qafqazla birgə Çingiz xan və Elxanilər dövlətinə məxsusdur; 14-cü əsrdən bu yerlərdə Çobanilər, Cəlayirilər, Qaraqoyunlular hakimiyyət sürür. 15-ci əsrin axırlarından Ak Saka Osmanlı dövlətinin tərkibindədir; bu zamandan etibarən Azqur, Altunqala, İdə, Koblıyan, Qüzey, Güney və s. kimi 14 sancaqdan ibarət olan Ak Saka paşalığı güclü vilayətə çevrilir; möhkəm qalalar, məscidlər tikilir. Səyahəti əsnasında Ak Sakadan keçən Övliya Çələbi yalçın qaya üzərində daşdan yonulmuş "Ahiska qalası"ndan danışır.