Akveduk
Akveduk, (lat Aquae ductus) — hərfi tərcümədə su kəməri, daha dar mənada akveduk nəqliyyat üçün deyil, su ötürülməsi üçün nəzərdə tutulmuş körpü. Belə körpüləri o halda təşkil edirlər ki suyu çatdırmaq üçün dərin dərələr, vadilər, kanyonlar, çaylar eləcə də küçələr, yollar üzərindən ötürmək zərurəti yaranır.
Bəzi akveduklar altında gəmilərin keçməsi üçün imkan yaradılır.
Akvedukların novdanları çirklənmənin və buxarlanmanın qarşısını almaq üçün üstdən örtülür və enişlərdə tağlı aşırımların üzərində inşa edilir. Belə tikililər qədimdən Yaxın Şərqdə mövcuddur, məsələn e.ə 691 ildə Sineherebin vaxtında Nineviyada inşa edilən su kəməri.
Yunanlar su təchizatı üçün yerin altında su kəmərləri çəkirdi və hətta dağlarda tunellər də qazırdı. İri hidrotexniki qurğuları ilk olaraq romalılar tikməyə başladılar. 14 akvedukdan birincisi "Akua Appiyanı" -Romada e.ə 312 ildə tikilib; sonuncu iri akveduk Klavdinin əmri ilə inşa edilmişdir; onun vasitəsilə Roma sutkalıq 700 min m³ su alırdı.
Məsafəsi 132 km olan ən uzun akveduk Adrianın vaxtında Karfagendə inşa edilmişdi. Köln suyu uzunluğu 88 km olan akveduk vasitəsilə Efeldən alırdı.