Alpan
Alpan — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Eyniadlı bələdiyyənin tərkibindədir.
== Tarixi ==
Alpan kəndi Quba rayonunda yerləşir. Alpan Azərbaycanın ən qədim kəndlərindən biri hesab olunur. Tarixçilərə görə Alpan adının mənşəyi qədim Albaniyanın adı ilə bağlıdır. Kənddə 2000-də artıq ev var. Həmçinin Alpanda qədim qəbirstanlıqlar, XVI əsrə aid Subaba türbəsi və Qalacıq kimi tarixi abidələr var. Kəndin əhalisi etnik olaraq əsasən türk mənşəlidir. Kəndin qədimdən bu günümüzə qədər gələn özünəməxsus adət-ənənələri var. Novruz bayramı ərəfəsində son çərşənbə axşamı ("Şamqoyulan" günü) kənd əhalisi tərəfindən özünəməxsus qaydada – pirləri ziyarət edərək, yaxınlarının qəbirləri yanında şam yandırmaqla, xüsusən də gənclərin pirlərdəki ələm ağaclarına ələm bağlaması, onların ətrafında 7 dəfə dövrə vurmaqla murad tutmaları şəklində qeyd olunur.