Çanaqlı amöblər
Çanaqlı amöblər (lat. Testacealobosia) — İbtidailərin Lobosa sinfinə daxil olan yarımsinifdir.
Zərif sitoplazmatik bədəni qorumaq üçün birkameralı çanaq quran amöbşəkilli orqanizmlərdir. Çanaqlı amöblərin sitoplazması iki təbəqəyə bölünür: şəffaf, törəməsiz ektoplazma və dənəvər endoplazma.
Hərəkət və qidanın tutulması lobopodiyalar (məs., Arcellidae, Dittlugiidae, Centropyxidae fəsilələri), fillopodiyalar (Englyphidae fəsiləsi), retikulopodiyalar (Polystomidae, Microgromiidae fəsilələri) şəklində olan psevdopodiyaların köməyilə həyata keçir.
Çanaqlı amöblərin əksəriyyəti birnüvəlidir. Ancaq ikinüvəlilərə də rast gəlinir. Yığılıb-açılan vakuol bir və ya bir neçədir. Çanağın düzəldiyi materialdan asılı olaraq amöblər üç böyük qrupa bölünür: keratin tipli zülaldan ibarət (Arcella), ekzogen mənşəli mineral hissəciklərdən ibarət – ksenosom (Difflugiidae, Centropyxidae, Plagiopyxidae fəsilələri) və nəhayət, endogen mənşəli materialdan – indosomdan (Diffugiidae fəsiləsi) təşkil olunmuşlar. Çanaqlı amöblərdə ağız (psevdopodiyaların çıxması üçün deşik) birdir, ancaq bir neçə cins üçün 2 və ya 3-5 ağızcığın olması da səciyyəvidir.