Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Popay əməliyyatı
"Popay" əməliyyatı (ing. Operation Popeye) — 1967–1972-ci illərdə, Vyetnam müharibəsi zamanı ABŞ Hərbi Hava Qüvvələri tərəfindən iqlim silahlarından istifadə əməliyyatı. Əməliyyatın adı cizgi film personajı olan Dənizçi Popayın adı ilə verilmişdir. Yüksək dərəcədə məxfi olan bu proqram çərçivəsində Şimali Vyetnam hərbçilərinin tədarükünü pozmaq, yol səthini yumşaltmaq və sürüşmələrə səbəb olmaq üçün Ho Şi Min cığırı boyunca yağışlar mövsümünü uzatmağa cəhd edilmişdir. ABŞ-nin keçmiş müdafiə naziri Robert Maknamara beynəlxalq elmi ictimaiyyətin bu əməliyyata etiraz edə biləcəyindən xəbərdar idi, lakin o, prezidentə ünvanladığı memorandumda qeyd etmişdir ki, keçmişdə bu cür etirazlar ABŞ-nin milli təhlükəsizliyinin maraqlarına uyğun hesab edilən hərbi əməliyyatların qarşısını almaq üçün əsas olmamışdı. Kimyəvi hava proqramı Taylanddan başlayaraq Kamboca, Laos və Vyetnam üzərində həyata keçirilmişdir. İddialara görə, əməliyyat o zamankı müdafiə naziri Melvin Leyrdin icazəsi olmadan dövlət katibi Henri Kissincer və Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən maliyyələşdirilmişdir. Leyrd Konqres qarşısında hava dəyişikliyi proqramının taktiki silah kimi istifadə məqsədilə mövcudluğunu şiddətlə təkzib etmişdi. == Zəmin == "Rainmaking in SEASIA" başlıqlı hesabatda Kaliforniyada yerləşən Çayna-Leyk Hərbi Hava Qüvvələri bazasında hazırlanmış və Okinava, Quam, Filippin, Texas və Floridada sınaqdan keçirilmiş proqramda təyyarələr tərəfindən qurşuni yodid və gümüş yodiddən istifadəni təsvir edir. Bu səy "Stormfyuri" layihəsi adlı qasırğanın öyrənilməsi proqramının bir hissəsi idi."Popay" əməliyyatının məqsədi Ho Şi Min cığırında yerləşən və Şimali Vyetnam hərbçilərinin, hərbi təchizat maşınlarının istifadə etdiyi yolları kəsmək üçün xüsusilə seçilmiş ərazilərdə yağış səviyyəsini artırmaq idi.