Psoriaz
Psoriaz xəstəliyi— əsasən dərinin zədələnməsiylə müşahidə olunan mürəkkəb xronik qeyri-infeksion xəstəlikdir.
Hal-hazırda bu xəstəliyin autoimmun təbiətli olması güman edilir. Vizual olaraq dəridə həddən artıq quru, qırmızı və dəri səthindən qabarmış ləkələr müəyyən olunur.
Bu ləkələr psoriatik ləkələr adlanır. Psoriatik ləkə zonasında xroniki iltihabın yaranması, limfosit, makrofaq və keratinositlərin proliferasiyası, həmçinin angiogenez prosesinin başlanması (yeni kiçik kapilyarların inkişaf etməsi, angiogenez nahiyəsində kapilyarların kövrəkliyinin artması /Auşpits əlaməti/) nəticəsində dəridə qabarma yaranır. Qabarmanın rəngi solğun bozumtul və ya gümüşü rəngdə olub, soyuyub donmuş mum və ya parafini xatırladır (parafin gölməçələri). Psoriatik ləkələr əsasən bədənin daha çox sürtünməyə və ya təzyiqə məruz qalan zonalarında – diz, dirsək və sağrı nahiyələrində yaranır (ekzema isə əksinə olaraq bu oynaqların daxili səthlərində olur). Buna baxmayaraq psoriaz əlin içi, ayağın altı və xarici cinsiyyət üzvlərindən başqa istənilən nahiyədə baş verə bilər. Amma onu da qeyd edək ki, bəzi psoriazlı xəstələrdə vizual olaraq heç bir əlamət aşkar olunmur.
Psoriaz xroniki xəstəlik olub dalğavari gedişə malikdir, alkoqol qəbulu, siqaret, stress, bəzi dərman preparatları və interkurrent infeksiyaların təsirindən kəskinləşir, residivləşir, bəzən də spontan sağalma müşahidə edilir.