Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əruziyə Əlibəyova
Əruziyə Mustafa qızı Əlibəyova (29 mart 1914, Bakı – 10 yanvar 1981) — azərbaycanlı alim, iqtisad elmləri doktoru, professor, Azərbaycan SSR əməkdar iqtisadçısı. O, "Azərbaycan SSR əməkdar iqtisadçısı" fəxri adına layiq görülən ilk şəxslərdən biri, şərqdə iqtisadiyyat sahəsində professor elmi adı alan (1967) ilk qadın və konkret iqtisadiyyat kafedrasına başçılıq edən ilk azərbaycanlı qadındır. Əruziyə Əlibəyova 1914-cü il martın 29-da Bakı şəhərində, dövrün mütərəqqi ziyalılarından olan Mustafa bəy Əlibəyov və Xədicə Əlibəyovanın ailəsində anadan olmuşdur. O, 1931-ci ildə Bakı Pedaqoloji Texnikumunu bitirdikdən sonra 1932-ci ilin mayına qədər Nuxanın Böyük Dəhnə kəndində müəllimlik etmişdir. Həmin il K.Marks adına Azərbaycan Sosial İqtisad İnstitutuna daxil olan Əlibəyova 1936-cı ildə oranı fərqlənmə diplomu ilə bitirmiş, komissiyanın qərarı ilə elmi-tədqiqat işləri aparmaq üçün institutda saxlanılmışdır. O həmçinin, 1936-cı ildə Azərbaycan Dövlət Universitetində "Sənayenin iqtisadiyyatı" fənnindən kurslar aparmışdır. 1944-cü ildə "Azərbaycan xalq təsərrüfatında qadın əməyi" mövzusunda namizədlik dissertasiyası müdafiə edən Əlibəyovaya 1945-ci ildə dosent adı verilmişdir. Əlibəyova 1947-1951-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda "Sənayenin iqtisadiyyatı" kafedrasına rəhbərlik etmiş, 1951-ci ilin payızında Azərbaycan Politexnik İnstitututunda işə başlamış və 1955-ci ilə qədər "Sənayenin iqtisadiyyatı və istehsalın təşkili" kafedrasında dosent vəzifəsində çalışmışdır. O, 1955-1956-cı illərdə M.Əzizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda "Sənayenin iqtisadiyyatı və istehsalın təşkili" kafedrasına müdir seçilib. 1962-ci ildə Azərbaycan Xalq Təsərrüfatı Şurasının təşki etdiyi iqtisadiyyat üzrə sahə elmi-tədqiqat laboratoriyasının elmi rəhbəri olan Əlibəyovanın başçılığı və bilavasitə iştirakı ilə 70-dən çox elmi tədqiqat işi həyata keçirilmişdir.