Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ziyanlıq
Ziyanlıq - Azərbaycanda insanlar arasında tarixən formalaşmış qarşılıqlı yardım formalarından biridir. Azərbaycan xalqının məhəlli xarakter daşıyan qarşılıqlı yardım formaları sırasında "ziyanlıq" adətinin xüsusi yeri vardır. "Ziyanlıq" qarşılıqlı yardım forması Şirvan bölgəsinin kənd icmalarında əsasən əkinçiliklə məşğul olan əhali arasında meydana gəlmiş və yayılmışdı. Çünki əkinçiliklə məşğul olan əhali arasında çoxlu mal-qarası olan adam az tapılardı. Yalnız kənd icmalarının yuxarı təbəqəsini təşkil edən ailələrin ixtiyarında çoxlu miqdarda qaramal və qoyun sürüsü olardı. Kənd icmalarının əksəriyyətini təşkil edən yoxsul və ortabab kəndli ailələrinin ixtiyarında isə yalnız ailənin daxili tələbatını ödəmək üçün lazım olan miqdarda inək və ya camış olurdu. Bəziləri 10-15 baş qoyun saxlayırdı. Yoxsul kəndlilərin əksəriyyətinin öküz və kəl kimi qoşqu heyvanı olmurdu. Odur ki, öz əkin sahələrini şumlamaq üçün 5-6 ailə öz qoşqu heyvanları ilə birlikdə bir kotan ətrafında birləşib şəriklik təşkil edirdilər. Əhalinin bu təbəqəsi üçün bir baş mal-qaranı itirmək böyük itki hesab olunurdu və onun təsərrüfatına böyük zərər vura bilərdi.
Nadanlıq (əsər)
Nadanlıq (əsər) — Nəriman Nərimanovun ədəbi irsi zəngindir. XX əsrin sonlarından onun dövri mətbuatda çoxlu felyetonları, ədəbi-tənqidi, elmi-publisist məqalələri, eyni zamanda, dram və nəsr əsərləri çap edilib. Teatrı geniş kütlələrlə sıx əlaqə saxlamaq üçün əsas vasitə hesab edən Nərimanov öz ürək sözlərini, fikirlərini geniş xalq kütlələrinə çatdırmaq niyyətilə "Nadanlıq", "Şamdan bəy", "Nadir şah" pyeslərini qələmə alıb. "Nadanlıq" komediyası Nəriman Nərimanovun dramaturgiya sahəsində ilk qələm təcrübəsidir. Yazıçı əsərin mövzusunu Tiflis quberniyasının Borçalı qəzasındakı Qızılhacılı kəndinin həyatından almışdır. "Nadanlıq" komediyasında yazıçı öz şəxsi mənafeyini ümumin xeyirinə qurban verən Məhəmmədağa və Ömər kimi maarifpərvər ziyalıları zülmət səltənətinə qarşı qoyur. İctimai həyat meydanına yenicə atılan Məhəmmədağanın və Ömərin köhnə feodal mühitinin mühafizəkar qayda-qanunlarına kəskin etirazı və yenilik uğrunda mübarizəsi komediyanın əsasını təşkil edir. Nərimanovun "Nadanlıq"da məqsədi "müsəlmanların" həyatına "bir zərrə qədər nəf" gətirmək idi. Əsərin əsas ideyası feodal həyatının köhnə adət və ənənələrinə, cəhalətə və nadanlığa qarşı mübarizədir. Yazıçı komediyada ictimai həyata və ailə-məişətə möhkəm daxil olan feodal əxlaq qaydalarının törətdiyi dəhşətli fəlakətlərin tipik lövhəsini yaratmışdır.