Mircəfər Bağırov
Mircəfər Abbas oğlu Bağırov (5 (17) sentyabr 1895, Quba – 26 may 1956, Bakı) — Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1933–1953); Azərbaycan SSR Nazirlər Sovetinin sədri (aprel–avqust 1953); Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi (1933–1950), Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri (1932–1933), Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri (1926–1927, 1929–1930), Azərbaycan Fövqəladə Komissiyasının sədri (1921–1926).
== Həyatı və ailəsi ==
Mircəfər Bağırov 1896-cı il sentyabrın 17-də Bakı quberniyasının Quba şəhərində atası Mirabbas və anası Yaxşı xanımın kiçik övladı kimi dünyaya gəlmişdir. Böyük bacısı Seyid Məsumə 1883-cü anadan olmuşdur.
Mircəfər Bağırovun 2 övladı olub. O, Həştərxanda işləyərkən Mariya adlı bir zadəgan qızıyla[mənbə göstərin] ailə qurur və bu nikahdan 1919-cu ildə Cahangir (Vladimir) adlı oğulları dünyaya gəlir. 1926-cı ildə Mariya vəfat etmişdir.
M. Bağırov 1930-cu ildə Yevgeniya Mixaylovna ilə ailə qurur və bu nikahdan 1932-ci il avqustun 9-da ikinci oğlu Cen dünyaya gəlir. Böyük oğlu Cahangir (Vladimir) aviasiya məktəbində təhsil almış, İkinci dünya müharibəsində pilot kimi iştirak etmiş və həlak olmuşdur. Digər oğlu professor, elmlər doktoru Cen Bağırov isə Bakıda 10-cu sinifə qədər 6 saylı məktəbdə təhsil alıb. Tiflisdə hərbi məktəbdə, 1951-ci ildə Moskvada Jukov adına Aviasiya Akademiyasında təhsil almış.