Rza bəy Qaraşarlı
Rza bəy Qaraşarlı (1891, Şuşa) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin baş katibi, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, müəllim, ictimai xadim.
Rza bəy Kərbəlayı Baba bəy oğlu 1891-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Şəhər real məktəbini bitirmişdi. Sonra ali savad almışdı. 1918-ci ilədək müxtəlif məktəblərdə riyaziyyat müəllimi işləmişdi. Sonra Qafqaz Müsəlman Xeyriyyə Cəmiyyətində çalışmışdı.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü olmuşdu. Parlamentin 16 fevral 1920 tarixli sayca yüz iyirmi beşinci iclasında Bağır Rzayev baş katib postundan istefa verdi. Parlamentin 19 fevral 1920 tarixili sayca yüz iyirmi altıncı iclasında baş katib postuna sosialistlərdən Rza bəy Qaraşarlı seçildi.
1920-ci ildən sonra Bakı baş milisinin rəis müavini işləmişdi.