Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əhməd Təkudar xan
Əhməd Təkudar xan (1247 – 10 avqust 1284, Marağa, Şərqi Azərbaycan ostanı) — Hülaku xanın Kutuy xatundan olan 7-ci oğlu və Abaqa xanın qardaşı. 1247-ci ildə Hülaku xan və Kutuy xatunun oğlu olaraq doğulmuş, Papa IV Nikolas şərəfinə Nikolas adı verilmişdir, nestorian kimi böyümüşdür. Abaqa xanın 1282-ci ildə Həmədanda vəfat etməsindən sonra xanədan qadınları, şahzadələr və böyük moğol əmirləri yas mərasimi üçün Marağa şəhərində Cağatu adlı yerə toplaşdılar və daha sonra moğol adətinə uyğun olaraq kimin xan seçilməsi üçün qurultay keçirdilər. Qurultayın qərarına əsasən özündən əvvəlki Elxani hökmdarlarından fərqli olaraq İslam dini inancına sahib olan, Hülakü xanın Kutuy xatundan olan yeddinci oğlu Təkudar xan Sultan titulu və Əhməd adını qəbul edərək 1282-ci ilin mayın 6-da Aladağda Elxani hökmdarı oldu. Hakimiyyət əsasən xanın anası Kutuy xatun və əmir Aşiqin əlində toplanmışdı. İslamı dövlət dini elan etmiş Sultan Əhməd yeni dinin qaydalarına uyğun olaraq bir sıra tədbirlər həyata keçirməyə başlayır. Belə ki, onun ilk tədbirlərindən biri hələ Hülakü və Abaqa xan zamanında baş vəzir olan və rəqibi Məcüdülmülk tərəfindən Abaqa xanı zəhərləməkdə, Misir məmlükləri ilə gizli anlaşmada və dövlət əmlakını mənimsəməkdə ittiham edilən əqidəcə müsəlman olan Şəmsəddin Cüveyni və qardaşı məşhur tarixçi Ata Məlik Cüveyniyə bəraət verməsi oldu. Əhməd xan həmçinin Şəmsəddin Cüveynini əvvəlki kimi sahibdivan vəzifəsinə təyin edərək, qardaşı Ata Məlik Cüveyniyə də, Bağdadın valisi vəzifəsini verdi. Bununla kifayətlənməyən sultan onların rəqibi Məcüdülmülkü isə Arqun xanla gizli ittifaqda günahlandıraraq edam edilməsi haqqında yarlıq verdi. Bundan əlavə, Sultan Əhməd köməkçisi Şeyx Əbdürrəhmanın rəhbərliyi ilə imam və üləmaya, dini ibadət yerlərinə vəqflər təyin edərək, müqəddəs yerlər olan Məkkə və Mədinəyə zəvvarların həcc mərasimini təhlükəsiz və rahat şəkildə həyata keçirliməsi üçün şərait yaratdı.