Bəst
Bəst — Orta Şərqdə tətil və sığınacaq anlayışı.
Adətən bəst yeri kimi müqəddəs məqbərələr, pir yeri, məscid və yaxud camaat tərəfindən hörmətlə yanaşılan bir yer seçilirdi. Bəst məhkəməyə qədər insanların özbaşına olaraq cəzalandırılmasının qarşısını alırdı. Burada hətta quldurlar da sığınacaq tapırdı. Bəst həm də etiraz əlaməti kimi bazarların, emalatxanaların və karxanaların bağlanmasına da deyilirdi.
== Bəst 19 əsrdə ==
Bəst 19 əsrdə. 19 əsrdə Orta Şərqdə bəst kimi xarici ölkələrin səfirliklərini, teleqraf və poçt stansiyalarını da istifadə edirdilər. 19 əsr görkəmli Orta Şərq siyasi xadimi Mirzə Tağı xan Əmir Kəbir bəsti ləğv etmək üçün müəyyən tədbirlərə əl atmışdı. Belə ki, onun 1848–1851 illərdə keçirdiyi islahat tədbirləri ruhanilərin narazılığına səbəb olmuşdu və onun ruhanilərlə ilk qarşıdurması, Təbrizdə, şeyx-ül-islam Əli xan Əfşarın bu şəhəri "on ikinci imamın şəhəri" elan etməsindən sonra baş vermişdi. Bu o demək idi ki Təbriz bütün vergilərdən azad olunur.