Viliskada baltalı cinayət
Viliskada baltalı cinayət və ya Viliskada kütləvi qətl hadisəsi (ing. Villisca axe murders) - 1912-ci ilin 10 iyun tarixində Amerika Birləşmiş Ştatlarının Ayova ştatının Viliska şəhərində yaşayan Mur ailəsinin bütün fərdlərinin qətlə yetirilməsi ilə nəticələnmiş cinayət hadisəsi. Cinayətin 10 iyun axşamı və 11 iyun səhərinə yaxın törədildiyi və cinayət aləti kimi baltadan istifadə edildiyi müəyyənləşdirilmişdir. Hadisə nəticəsində ailə fərdlərindən olan dörd uşaq olmaqla, ümumilikdə səkkiz nəfər qətlə yetirilmişdir və qurbanların xüsusən başlarında olmaqla kəskin balta yaraları təyin olunmuşdur. Uzun müddət davam edən istintaq və araşdırmalara baxmayaraq Viliska baltalı cinayətinin əsil təşkilatçıları heç bir zaman tapılmamışdır. Bir necə nəfər məhkəmə önünə çıxarılsa da, yetərli sübut olmadığı üçün təqsirləndirilən şəxslərin hər birinə bəraət verilmişdir.
Mur ailəsi, ailə başçısı Coş (43 yaş), Sara (39 yaş) və Herman Montqomeri (11) Meri Katerina (10) Artur Bodi (7) və Paul Vernon (5) adlı dörd uşaqdan ibarət idi. Maddi baxımından təminatlı olan ailə Viliska şəhərində yaxşı adla tanınırdılar. 1912-ci ilin 10 iyun tarixində ailənin fərdi Meri Katerina səkkiz yaşlı İna Mey və 12 yaşlı Lena Stillingeri gecəni onlarda keçirmək üçün öz evlərinə dəvət etmişdir. Hadisə axşamı Sara Mur öz övladları və evə qonaq çağırılan qızlarla birlikdə yerli şəhər kilsəsindəki Uşaqlar Günü Proqramında iştirak etmişdilər.