Misirdə Kapitulyasiyaların aradan qaldırılmasına dair Montrö Konvensiyası
Misirdə Kapitulyasiyaların aradan qaldırılmasına dair Montrö Konvensiyası — Misirdə əcnəbilər üçün kapitulyasiya kimi tanınan ekstraterritorial hüquq sisteminin ləğvinə səbəb olan beynəlxalq konvensiya. Konvensiya 8 may 1937-ci ildə bağlanmışdır. Onu Misir, ABŞ, Belçika, Böyük Britaniya, Danimarka, İspaniya (vətəndaş müharibəsi zamanı respublika tərəfi), Fransa, Yunanıstan, İtaliya, Efiopiya, Norveç, Hollandiya, Portuqaliya və İsveç hökumətləri tərəfindən imzalanıb. O, 1937-ci il oktyabrın 15-də qüvvəyə minib və həmin gün Millətlər Liqasının Müqavilə Seriyasında qeydə alınıb.
== Tarixi ==
Kapitulyasiya sistemi XIX əsrdə Misir xidivliyi dövründə xarici qüvvələrin təzyiqi nəticəsində tətbiq edilib. Bundan öncə isə Misir ərazisində Osmanlı imperiyası kapitulyasiyaları qüvvədə idi. Birinci Dünya müharibəsindən sonra Misirdə millətçilik dalğası yarandı. Yeni yaradılmış Vəfd Partiyasının dəstəklədiyi hökumət Misirə nəzarət edən İngiltərə hökumətindən kapitulyasiya sisteminin ləğvi tələblərini artırdı. Onlar həmçinin əcnəbilərin yerli Misir hüquq sisteminə tabe olması tələbini irəli sürürdü. Nəticədə, 1920-1921-ci illərdə bir neçə xarici konsulluq məhkəmələri ləğv edildi, onların vətəndaşları isə Britaniya konsulluq yurisdiksiyasına verildi.