Mahmud xoca Behbudi
Mahmud xoca Behbudi(1875-1919) — Özbəkistan ziyalısı, Cədidizmin öndərlərindən.
== Həyatı ==
Rusiya İmperiyasının ən son işğal etdiyi bölgələr Türküstanın Səmərqənd və Buxara bölgələri oldu. Yeni işğal altına düşən bölgələrin əhalisi Rusiyanın qanun-qaydalarına heç də asanlıqla tabe olmaq istəmirdi. Əsarətə qarşı sərt və qəti mübarizə aparanların sayı az olsa da, əhalinin böyük bir qismi gizli müxalifətdə idi.
Xalqı əsarətdən qurtarmaq istəyənlər isə fərqli mübarizə yolları seçmişdilər. Kimisi açıq silahlı müqavimət təklif edirdisə, kimisi orta əsir idarəçiliyini geri qaytarmaq istəyir, xalqın döyüş ruhunu özünə qaytarmağa çalışır, islam dinindəki cihadı təbliğ edirdi.
Ziyalıların bir qismi isə xalqı maarifləndirməyi, sonra azadlıq mübarizəsinə qaldırmağı düşünürdü. Mahmud xoca Behbudi dindar bir ailədə doğulsa da, soykökü Əhməd Yəsəviyə bağlansa da o cihadın deyil, maarifçiliyin tərəfdarlarından idi.
Müfti ailəsində doğulan, necə deyərlər Yəsəvi dərvişlərinin arasında böyüyən Mahmud gələcəyin ən öndə gedən maarifçilərindən- cədidçilərindən olmuş, həyatını da əqidəsi yolunda qurban vermişdir.
1875-ci il yanvarın 20-də Səmərqənd yaxınlığındakı Baxşıtəpə kəndində anadan olan Mahmud ilk təhsilini evdə atasından almışdır.