Frensis Bekon
Frensis Bekon (ing. Francis Bacon; 22 yanvar 1561 – 9 aprel 1626) — ingilis filosofu, tarixçisi, siyasi xadimi və yazıçısı, empirizmin banisi.
Elmi ictimaiyyət tərəfindən qəbul edilməyən belə bir iddia mövcuddur ki, Şekspirin əsərlərinin müəllifi əslində Frensis Bekon olmuşdur.
== Fəlsəfəsi ==
1584-ci ildə ingilis parlamentinə deputat seçilmiş, 1613-1617-ci illərdə İngiltərə və Uelsin Baş Prokuroru, 1617-1621-ci illərdə İngiltərə hökumətində ən yüksək vəzifələrdən sayılan lord-kansler, həmçinin 1617-1618-ci illərdə Böyük möhürün lord-qoruyucusu vəzifələrini tutmuşdur. 1621-ci ildə rüşvətdə ittiham edilərək məhkəməyə cəlb olunmuş, vəzifələrindən azad edilmişdir. Lakin, kral tərəfindən əfv edilmiş, bundan sonra vəzifəyə qayıtmayaraq elmi və ədəbi fəaliyyətlə məşğul olmuşdur.
F.Bekon hesab edirdi ki, fəlsəfənin başlıca vəzifəsi elmi idrakı əsaslandırmaqdır. Bekona görə, elmi bilik insana xeyir vermək məqsədi güdməlidir, təbiət qüvvələrindən insanların rifahı üçün istifadə etmək lazımdır.
Bekon fəalyyətə hüquqşünas kimi başlasa da, sonradan filosof və elmi inqilabın tərəfdarı kimi tanınır. Onun əsərləri elmi tədqiqatların induktiv metodologiyasının əsası və təbliğatçısı kimi tanınmağa başladı.