Nadir İsmayılov (biblioqrafiyaşünas)
Nadir İsmayılov (d. 05 fevral 1956, Beyləqan rayonu, Azərbaycan SSR) — Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin Sənəd menecmenti (keçmiş Biblioqrafiyaşünaslıq) kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, "Kitabxanaşünaslıq və biblioqrafiya" elmi-nəzəri, metodik və təcrübi jurnalının baş redaktor müavini, Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü (2014).
== Həyatı ==
Nadir İslam oğlu İsmayılov 05 fevral 1956-cı ildə Azərbaycanın Beyləqan (keçmiş Jdanov) rayonunun Əmirzeyidli kəndində dünyaya göz açmışdır. Ailəlidir. İki övladı var.
== Təhsili ==
O, 1973-cü ildə Jdanov (indiki Beyləqan) rayonu Şahsevən kənd 1 saylı orta məktəbini bitirmiş, 1974-cü ildə isə Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq fakültəsinə daxil olmuşdur; 1974–1979-cu illərdə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsində və 1979–1982-ci illərdə isə aspiranturada təhsil almışdır.
== Elmi və pedaqoji fəaliyyəti ==
İsmayılov Nadir İslam oğlu 1982-ci ildən BDU-nun Biblioqrafiyaşünaslıq kafedrasının müəllimidir. 1987-ci ildə Moskva Dövlət Mədəniyyət İnstitutunda "Təbabət üzrə məhəlli kitabxana-biblioqrafiya ehtiyatlarının inkişafı, müasir vəziyyəti və təkmilləşdirilməsi yolları (Azərbaycan materialları əsasında)" mövzusunda dissertasiya işini müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. O, 1992-ci ildən dosentdir. Müxtəlif fasilələrlə BDU-nun Kitabxanaçılıq-informasiya (indiki İnformasiya və sənəd menecmenti) fakültəsində dekan müavini vəzifəsində işləmişdir (1994–2003).2019-cu ildə "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" yubiley medalı ilə təltif olunmuşdur.2023-cü ildə Bakı Dövlət Universitetinin (BDU) əməkdaşları arasında 27 Mart - Elm Gününə həsr olunmuş “İlin alimi” müsabiqəsinin nəticələrinə əsasən "Humanitar və ictimai elmlər" nominasiyası üzrə BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin "Sənəd menecmenti" kafedrasının müdiri dosent Nadir İsmayılov I yerə layiq görülmüşdür.Nadir İsmayılov dünyanın bir sıra ölkələrində nüfuzlu Beynəlxalq elmi konfranslarda məruzələrlə çıxış etmişdir.