Biometrik autentifikasiya
Biometrik autentifikasiya (və ya Biometriya) – insanın bioloji xüsusiyyətlərinə əsasən kimliyin müəyyən edilməsi, tanınması
== Biometrik parametrlər ==
Müxtəlif tətbiqlərdə bir sıra biometrik parametrlər istifadə edilir. Hər biometrik parametrin üstün və zəif cəhətləri var və seçim adətən tətbiqdən asılı olur. Aşağıda geniş məlum olan biometrik parametrlərin qısa xülasəsi verilir.
=== Barmaq izləri ===
Barmaq izlərinə görə identifikasiya texnologiyası ən geniş yayılmış biometrik texnologiyadır. Bu metodun əsasında hər bir insanın əl barmaqlarında papilyar naxışların unikallığı ideyası durur.
Barmaq izini papilyar xətlər əmələ gətirir, onların quruluşu dərinin şırımlarla ayrılmış qılıc çıxıntılarının sıraları ilə şərtlənir. Bu xətlər mürəkkəb naxışlar əmələ gətirirlər (qövs, ilgək və spiral), onların aşağıdakı xassələri var:
fərdilik və təkraredilməzlik;
zamana görə sabitlik (bətndaxili inkişafdan meyidin çürüməsinədək);
bərpa olunma (dəri qatının səthi zədələndikdə xətlərin quruluşu əvvəlki şəklində bərpa olunur).
Barmaq izinin tanınması və onun alqoritm tərəfindən düzgün emalının keyfiyyəti barmaq səthinin vəziyyətindən və skaner elementinə nəzərən onun yerləşməsindən çox asılıdır. Müxtəlif sistemlər bu iki parametrə müxtəlif tələblər irəli sürür. Tələblərin xarakteri xüsusi halda tətbiq edilən alqoritmdən asılıdır.