Aorta
Aorta — (yun. άορτή – qaldırmaq) – Böyük qan dövranının ən böyük qoşa olmayan arterial damarları. Onurğalılarda qan-damar sisteminin əsas arteriyası. Aorta divarlarının elastikliyi qan cərəyanının fasiləsizliyini və bədənin bütün orqan və toxumalarının arterial qanla təchiz olunmasını təmin edir. Quşlarda və məməlilərdə Aorta qan dövranının əsas damarıdır. O, ürəyin sol mədəciyindən başlayır, lap başlanğıc hissədə genişlənmə əmələ gətirərək (Aorta soğanağı), yuxarı qalxır (qalxan Aorta), arxaya və sola (məməlilərdə), yaxud arxaya və sağa (quşlarda) dönür (Aorta qövsü) və bədənin aşağı hissəsinə doğru istiqamətlənir (enən və ya onurğa Aortası). Sürünənlərdə Aortanın 2 qövsü var: ürəyin sol mədəciyindən çıxan – sağ arterial və sağ mədəcikdən çıxan sol – venoz. Onlar birləşərək, qarışıq qanı olan ümumi onurğa Aortasını əmələ gətirir. Suda-quruda yaşayanlarda ürəyin yeganə mədəciyindən sərbəst yığıla bilmək qabiliyyətinə malik arterial konus, ondan isə bir (quyruqsuzlarda) və ya iki (quyruqlularda) cüt Aorta qövsü çıxır və birləşərək onurğa Aortasını əmələ gətirir. Balıqlarda və girdəağızlılarda mədəcikdən, yaxud ürəyin
arterial konusundan arterial qövs sistemindən venoz qanı qəlsəmələrə (balıqlarda) və ya qəlsəmə kisəciklərinə (girdəağızlılarda) daşıyan qarın Aortası çıxır.