Nazir-i büyutat
Nazir-i büyutat- "Təzkirət əl-mülükə" görə, büyutat (ərəbcə beyt –
ev, bina, təsərrüfat sözünün cəm halı) hər birinin başında sahib-i cəm
olan 33 karxanadan (emalatxana) ibarətdi. Büyutatlardan bir çoxu:
mətbəx, qab-qacaq yuyulması üçün bina, müxtəlif anbarlar, kitabxana,
tövlə vəs. sadəcə olaraq ev təsərrüfatı və məişət ləvazimatı idi. Bununla
yanaşı əsl dövlət manufakturası tipli büyutatlar (məsələn, toxuma
emalatxanası (şərbafxana), dərzi sexləri (qayçaçıxana), sikkəxana
(zərrabxana), cəbbəxana, habelə zərgər, dəmirçi, rəssamlıq
emalatxanaları və s.) var idi.
Büyutat şah və onun ailəsinin, həmçinin çoxsaylı saray əyanlarının
yeməyə, paltara, bəzək əşyalarına və s. olan tələbatının ödənilməsinə
xidmət edirdi.
İskəndər bəy Münşi I Şah Təhmasibin dövründə nazir-i büyutat
vəzifəsini tutmuş şəxslər haqqında bəzi məlumatlar verir. Bunlar
aşağıdakılar idi: Qazi İmad, dövlət pulunu mənimsəməkdə
təqsirləndirilərək vəzifədən azad edilmişdi. Ağa Cəmaləddin Kirmani,
sonralar "bəzi nalayiq işlər" ucbatından Ələmut qalasına salınmışdı;
Mirzə Salman həmin sahədə bir neçə il yanında işlədiyi Azərbaycanın
cənub hissəsi vəzirinin köməyi ilə "büyutatların əksəriyyətinin" naziri
olmuş, sonra şahın yanına nazir kimi qulluğa girmiş və şah vəfat
edənədək orada işləmişdir (II Şah İsmayıl və Məhəmmədin dövründə isə
"etimad əd-dövlə"adı ilə vəzir olmuşdur); Xacə Əbülqasim, Fərəhan
vilayəti əyanlarından idi, əvvəlcə yüksək divan möhürünün mühafizəçi
vəziri (vəzir-i möhrdar-i divan-i əla)olmuş, sonra isə şahın bəzi
büyuttlarının naziri (nəzarət-i bəzi əz büyutat-i sərkar-i xassey-i şərifə)
vəzifəsinə irəli çəkilmişdi. II İsmayılın dövründə də həmin vəzifədə idi88.