Bəcirəvan şəhəri
Bəcirəvan şəhəri — Arazın cənub hissələrinin birində yerləşmiş qədim şəhər.
Belə rəvayət olunur ki, guya qədim Bəcirəvan şəhərinin əhalisi ilanların hücumuna məruz qalaraq öz doğma ocaqlarını ataraq Muğan düzünə səpələnmişlər. Hal-hazırda Muğanda mövcud olan Bəcirəvan kəndinin əhalisinin demək olar ki, bir-birləri ilə qohumdurlar.
Həmdullah Qəzvini özünün «Nüzxət əl-klub» əsərində qeyd edir ki, Bəcirəvan Muğanın ən böyük şəhərlərindən olmuşdur. XIII əsrdə isə monqolların hücumu nəticəsində viran edilmiş və sonralar abadlaşaraq kəndə çevrilmişdir. Daha sonra H.Qəzvini qeyd edir ki, Bəcirəvanın içərisindən keçən çay Biləsuvarın içərisindən də keçir. Bəcirəvan şəhərinin əhalisi mənbəyini dağların qoynundakı bulaqlardan alan çayın suyu ilə təmin olunur, əhalisi əkinçiliklə, əsasən dənli bitkilər əkməklə məşğul olurdular. İbn Əl-Əsirin verdiyi məlumatlardan aydın olur ki, Bəcirəvan Araz çayının cənubunda yerləşirmiş. Digər ərəb tarixçisi Əl-İstəxri də öz əsəri «Kitabi masalik və əl-mamalik»də Bəcirəvan şəhərini Azərbaycanın Təbriz, Bərzənd, Muğan və digər şəhərləri ilə bərabər sayaraq qeyd edir ki, Bəcirəvan şəhəri böyüklüyünə görə yuxarıda adları çəkilən şəhərlərə «bənzəyir».
«Tarixi-Dərbəndnamə»nin müəllifi Bəcirəvanın Muğanda ən böyük şəhər olduğunu göstərir.