Danger Close Games
DICE Los Angeles (əvvəllər DreamWorks Interactive L.L.C., EA Los Angeles və Danger Close Games) — ABŞ videooyun istehsalı şirkəti. "DICE Los Angeles" 1995-ci ilin aprel ayında "DreamWorks" və "Microsoft" şirkətləri tərəfindən təsis edilmişdir və 2013-cü ildən bəri "EA DICE" şirkətinin diviziyasıdır. 2000-ci ildə "Electronic Arts" studiyanı satın almış və onun adını "EA Los Angeles", daha sonra isə 2010-cu ildə "Danger Close Games" olaraq dəyişmişdir. 2013-cü ildə studiya baş ofisi İsveçdə yerləşən "EA DICE" şirkətinin bir diviziyası olmuş və "DICE Los Angeles" adını almışdır. Şirkət başlıca olaraq yaratdığı "Medal of Honor" və "Command & Conquer" videooyun seriyalarına görə tanınır.
== Tarix ==
=== DreamWorks Interactive (1995–2000) ===
"DreamWorks Interactive" şirkətinin təsis ediləcəyi 22 mart 1995-ci ildə açıqlanmışdır. 3 aprel 1995-ci ildə fəaliyyətə başlayan şirkət "DreamWorks" və "Microsoft" şirkətlərinin birgə idarə etdiyi bir müəssisə idi. Studiyaya rejissor Stiven Spilberq rəhbərlik edirdi. Spilberqin dövründə studiya çoxlu lisenziyalı videooyun buraxmışdır. "Los Angeles Times" qəzetinin redaktoru Lezli Helmin dediyinə görə, şirkətin istehsal etdiyi ilk videooyunlar olduqca müvəffəqiyyətsiz idi.