Dəlmə nekropolu
Dəlmə nekropolu — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonundakı Sabirkənd yaxınlığında, Yaycı arxının sağ sahilində, hündürlüyü 8-10 metr olan təpənin üzərində və qərb yamacında arxeoloji abidə.
Nekropolun yerləşdiyi təpə inzibati bölgüyə görə Culfa rayonunun Yaycı kəndinin ərazisindədir. Suyunu Gilançaydan alan Yaycı arxı burada dağın altından açılmış tuneldən keçir.
Əraziyə verilən Dəlmə adı da buradan götürülmüşdür. Nekropoldan 700-750 metr qərbə tərəf, şərq, cənub və qərb tərəfləri sıldırım qayalıq olan dağın üzərində Dəlmə nekropolunun yaşayış yeri yerləşir.
Nekropol 1983-cü ildə rəis Q.M.Aslanov olan Xarabagilan arxeoloji ekspedisiyası tərəfindən öyrənilmişdir. Ümumi sahəsi 616 m² olan qəbiristanlıqda cəmi 27 qəbir var idi ki, onlardan da 8-i uşaq qəbri idi. Qəbirlərin kameraları müxtəlif ölçülü daşlardan səliqə ilə işlənmişdir. Heç bir qəbirdə örtük daşları qalmamışdır. Dördbucaqlı planda olan qəbir kameralarının bir tərəfi nisbətən ensizdir.