Çöl ağcaqayını
Çöl ağcaqayını (lat. Acer campestre) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinə aid bitki növü.
Hündürlüyü 15 m-yə qədər olan enli çətirli ağac və yaxud ağacşəkilli hündür koldur. Gövdəsinin qabığı qonura çalan-boz rəngdə olub, uzununa çatlıdır. Yarpaqlarının uzunluğu 4-8 sm, eni 4-10 sm, küt 5-bölümlü, nadir hallarda 3-bölümlüdür, yarpağın qaidə hissəsi ürəkşəkillidir, nazikdir, üst tərəfədən tutqun tünd-yaşıl, alt tərəfədən isə daha açıqdır, sarımtıl-yaşıl rənglidir və tükcüklüdür və yaxud yalnız yarpaqların küncündə saqqalcıqlıdır. Saplaqları eynidir, yarpaq ayasından bir az uzun və ya qısadır. Çiçəkləri xırda, sarımtıl-yaşıl rəngdədir. Çiçək qrupunun oxu, çiçək saplağı, kasa yarpağı və ləçəklər (kənarları) tükcüklüdür. Qanadcıqlarının uzunluğu 2-4 sm-dir, üfüqi xətt üzrə yerləşmiş, bəzən qanadları oraqvari əyilmiş halda olur. Findiqca meyvələri çılpaq və ya yumşaq tükcüklüdür.