Saliha Dilaşub Validə Sultan
Salehə Dilaşub Sultan (Serbiya – 3 yanvar 1690, Ədirnə Sarayı, Ədirnə, Osmanlı imperiyası) — 18-ci Osmanlı sultanı Sultan İbrahimin xanımı və II Süleymanın anası, Validə sultan.
Əsli və doğum tarixi bilinməsə də, serb əsilli olduğu və təxminən 1627-ci ildə dünyaya gəldiyi güman edilir. Saraya necə alındığı bilinməsə də, Sultan İbrahimin taxta çıxdığı ilk günlərdə hərəminə alındığı ehtimal olunur. 15 aprel 1642-ci ildə yeganə övladı olan Şahzadə Süleymanın dünyaya gəlməsiylə Sultan İbrahimin ikinci hasəkisi oldu. Bu dövrdə 1300 axca günlük məvacib alan Dilaşub Sultana, bundan başqa Bolu sancağının da bütün gəlirləri hədiyyə edilmişdi. Bir çox tarixi mənbədə olduqca mülayim, gülərüz və sakit təbiətli olaraq xarakterizə olunur.
8 avqust 1648-ci ildə Sultan İbrahimin taxtdan endirilərək öldürülməsinin ardından onun Turhan Sultandan doğulan oğlu IV Mehmed taxta çıxarıldı. Ancaq yeni sultan hələ 7 yaşında idi və Validə sultan olan Turhan Sultan taxt naibəsi olmaq üçün çox təcrübəsiz idi. Bu səbəblə dövlət adamları və saray əyanları yeni sultanın nənəsi Mahpeykər Kösəm Sultanın taxt naibəliyinə gətirilməsini istədilər. "Valide-yi kəbir" ünvanıyla hakimiyyəti yenidən ələ alan Mahpeykər Kösəm Sultanın istəyilə, Sultan İbrahimin bütün hərəmi Köhnə saraya göndərilsə də, Şahzadə Süleymanın anası Dilaşub Sultan və Şahzadə Əhmədin anası Müəzzəz Sultan Topqapı sarayında övladlarıyla birlikdə qaldılar.