Dinşünaslıq
Dinşünaslıq — dinlər haqqında dünyəvi elm. Tarix, sosiologiya, psixologiya, fəlsəfə, filologiya, antropologiya və s. kimi sahələrin nailiyyətlərindən dinlərin araşdırılmasında istifadə edir. Fənlərarası elmlərə aiddir. Dinşünaslıq ilahiyyat deyil, onu araşdıran elm sahəsidir.
== Dinşünaslığın predmeti ==
Dinşünaslıq dinə dünyəvilik yönündən baxışın zəruriliyindən XIX əsrin ikinci yarısında Avropada yaranmışdır. O zaman böyük həcmdə arxeoloji, tarixi, etnoqrafik, linqvistik və s. biliklər əldə edilmişdi, lakin dinlərə ənənəvi olan ehkamçı və ilahiyyat baxışları bu imkanlardan istifadə etməyi çətinləşdirirdi. Buna görə də Avropa alimləri dinlərə bitərəf, ehkamlardan azad baxışlarla yanaşmış, bütün bu imkanlardan istifadə etmişdilər. Onlar üçün din etiqad deyil, yalnız tədqiqat obyekti olmuşdur.