Disaxarid
Disaxarid (ikiqat şəkər və ya bioza) — iki monosaxaridin qlikozid rabitə ilə birləşməsindən əmələ gələn şəkər. Monosaxaridlər kimi disaxaridlər də suda həll olan sadə şəkərlərdir. Geniş yayılmış disaxaridlərə misal kimi saxaroza, laktoza və maltozanı göstərmək olar. Disaxaridlər karbohidratların dörd kimyəvi qrupundan (monosaxaridlər, disaxaridlər, oliqosaxaridlər və polisaxaridlər) biridir. Disaxaridlərin ən geniş yayılmış növlərinin — saxaroza, laktoza və maltozanın ümumi kimyəvi formulu C12 H22 O11 olub, 12 karbon atomuna malikdir. Bu disaxaridlər arasındakı fərq molekul daxilindəki atomların düzülüşü ilə əlaqədardır.
Monosaxaridlərin disaxaridə birləşməsi kondensləşmə reaksiyası ilə baş verir ki, bu da su molekulunun yalnız funksional qruplardan kənarlaşdırılmasını nəzərdə tutur. Disaxaridin iki monosaxaridə parçalanması disaxaridaza adlı bir növ fermentin köməyi ilə, hidroliz yolu ilə həyata keçirilir. Daha iri şəkərin qurulması zamanı bir su molekulu kənarlaşdığından, onun parçalanması üçün bir su molekulu tələb olunur. Bu reaksiyalar maddələr mübadiləsi üçün vacibdir.